Gundemxeber.az » Ölkə » Cəmiyyət » SAXTA VƏTƏNPƏRVƏRLƏR – Artıq maskaların yırtılması prosesi başlayıb…
Rüşvət, saxtakarlıq və oğurluğun həyat tərzinə çevrildiyi cəmiyyətlərdə qanlı pulların xasiyyətindən doğan saxta vətənpərvərlik tüğyan edər. Fürsət düşən kimi Vətəni soyub lüt-üryan qoyan vətənşüvənlər, onların bir kənara çəkilib xımır-xımır gəmirən pay düdükçüləri, saxta, riyakar və yaltaq alim-üləmaları, mahiyyət etibarilə, daxildə və xaricdə ermənilərlə həmrəy olanlarla eyni cərgədədirlər.
Məqsəd vətəndaş cəmiyyətinin darmadağın edilməsi, qanunsuzluq, rüşvət və alıb-aldatma mühitinin çiçəkləndirilməsi, dövlətin əldən salınıb ölkənin heyinin kəsilməsidir. Beyin yarımkürələri tərsinə təkamül etmiş bu zatlara meydan verilməsi ölkəni perspektiv fəlakətlərə düçar etmək qədər təhlükəlidir.
Xalqı çaşdırmağa çalışan nadürüst vətənbazların iqtisadi-maliyyə kimliyini araşdıran kimi əsl simaları üzə çıxır və cəza labüdləşir. Məlum olur ki, qanımıza susayan və milli ədavət toxumu səpən əsl düşmənlər elə içimizdədirlər. "Vətən!" şüarı ilə maskalanan buqələmunların fəaliyyəti nəticəsində pərən-pərən düşüb bir-birinə düşmən kəsilmiş millət balalarının ah-naləsi ərşə qalxıb.
Bu günkü tarixi-siyasi gerçəkliklər və sosial çağırışlar göstərir ki, artıq maskaların yırtılması prosesi başlayıb.
İdris ABBASOV
10-07-2017, 12:22
31-07-2013, 22:01
9-09-2014, 14:06
9-07-2017, 19:19
17-05-2018, 16:59
Sorğu
Yeni dizaynımız necədir?