“Baku Steel Company” MMC - poladəritmə zavodunun Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə baxılır.
Sentyabrın 23-də keçirilən prosesdə ilk ifadə verən şahid Zemfira Əliyeva oldu. Şahid bildirib ki, o “Baku Steel Company” şirkətinin xəzinədarı olub.
“2008-ci ildən bu vəzifədə çalışmışam. Daha sonra məlum oldu ki, kassada 13 milyon manat kəsir var. Bununla bağlı dəfələrlə rəhbərlikdə təmsil olunan Çingiz Həsənov və Kamran Qəhrəmanova müraciət etmişəm. Demişdim ki, bu kəsiri bağlamaq lazımdır. Amma mənə dedilər ki, bu sənin işin deyil. Şirkətin direktoru isə Süleyman Məmmədov idi. Mənim xəzinədar kimi vəzifəm çek yazmaq olub, xəzinəyə gündəlik 5-10 min manat daxil olurdu. Mən 13 milyon manatı görməmişəm. Bu pul sadəcə, kağız üzərində olub. Hazırda da orada işləyirəm. 13 milyon manat kəsir üçün Rasim Məmmədov ağlamalı idi. Çünki şirkətin əsas rəhbəri o idi. Eşitdiyimə görə, pulları Rasim Məmmədov götürüb, amma bunun şahidi olmamışam”, - şahid bildirib.
Şahidin sözlərinə görə, 2021-ci ildə bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmək qərarına gəlib:
“Ərizə yazıb qurumun şikayət qutusuna atdım. Bunu özümü sığortalamaq üçün etdim. Mən Rasim Məmmədova birbaşa pul verməmişəm. Pulu xəzinəyə qəbul etməmişəm. Çingiz Həsənov deyirdi, mən də edirdim. Amma pul görməmişəm”.
Şahidin ifadəsində ziddiyyətlər olduğundan onun ibtidai istintaqa verdiyi ifadə elan olunub. Zemfira Əliyeva ifadəsində bildirir ki, Rasim Məmmədova nağd şəkildə pul verilib. Amma məhkəmədə bunu təsdiq etməyib və pulların Rasim Məmmədova verildiyini görmədiyini bildirib.
Rasim Məmmədov Zemfira Əliyevanı verdiyi ifadələrlə özünü pis vəziyyətə saldığını bildirib.
Prosesdə ifadə verən digər şahid, “Baku Steel Company” şirkətinin baş mühasibi Kamran Qəhrəmanov bildirib ki, 2004-cü ildən şirkətdə çalışsa da, 2011-ci ildən baş mühasib təyin edilib.
“Kassada olan 13 milyonluq kəsir barədə mən dəfələrlə rəhbərliyə məlumat vermişəm. Çingiz müəllim dedi ki, bu sənin işin deyil, Rasim Məmmədov şirkətin rəhbəridir, özü bilər. Metal alışı vaxtı hesabdan pul çıxırdı, amma kassaya gəlmirdi. Pul bu şirkətdən çıxıb ”Azəristeel"ə daxil olurdu. Mən metalın real qiymətini bilmədiyim üçün metalın neçəyə çıxdığı və neçəyə rəsmiləşdirildiyini bilmirəm. Mənə deyilən qiymətə metalı rəsmiləşdirirdim".
Təqsirləndirilən şəxs Rasim Məmmədov bildirib ki, şirkətdən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə metal almaq üçün 10 milyon dollar köçürsə də, komitə şirkətə 8 milyon 800 min dollarlıq metal verib. Qalan 1 milyon 200 min dollar, yəni 2 milyon manat geri qaytarılmayıb: “Bu gün komitənin hələ də şirkətə 2 milyon manat borcu var. Daha sonra şirkətin əvvəlki sahibi Loğman Zülfüqarova ”Bakı Poladtökmə" zavodunu almaq üçün 2 milyon 500 min manat verdim. Yəni bu pullar həmin 13 milyon manatın içərisindədir. Yerdə qalan məbləğ isə şirkətin digər xərclərinə yönləndirilib. Bunların heç biri mənim şəxsi xərcim deyil. Bir var, Rasim Məmmədov gedir İtaliyada 50 min dollara kostyum tikdirir, bir var “Ferrari” maşın alır, bu şəxsi xərcdir, bir də var, şirkətin xərcləri. Bu pullar şirkət üçün xərclənib. DHD-ni aparanda 22 milyon manatı kassaya Kamran aparıb".
Kamran Qəhrəmanov bildirib ki, o Rasim Məmmədova 13 milyon pul verməyib: “Mən Rasimə pul verməmişəm. 22 milyon manata gəlincə isə, mənə dedilər ki, sən şirkətin nümayəndəsi kimi iştirak et, mən də iştirak etdim. Həmin pulu təsisçidən mədaxil kimi kassaya mədaxil etdim”.
Kamran Qəhrəmanovun da ifadələri arasında ziddiyyət olduğundan ibtidai istintaqa ifadəsi elan olunub. O ibtidai istintaqa ifadəsində bildirib ki, pullar Çingiz Həsənovun köməkçisi Səbinəyə verilib. Məhkəmədə isə bu pulları görmədiyini bildirib.
İfadədəki daha bir ziddiyyət isə Rasim Məmmədovun şəxsi xərcləri ilə bağlı olub. O istintaqa ifadəsində bildirib ki, Rasim Məmmədov 13 milyon manatı geyim və restorana xərcləyib. Məhkəmədə isə o bu fikri təkzib edib.
Məhkəmədə daha bir şahid, “Azəristeel”-də fəhlə işləyən Xəyal Əhmədov ifadə verib.
“Mən şirkətin giriş-çıxışına nəzarət edirdim. Bəzən isə Mübariz müəllimin verdiyi sənədləri və pulları tapşırdığı şəxslərə verirdim. Pulları sellofan torbada aparırdım. İçərisində nə qədər məbləğ olması barədə heç bir məlumatım olmurdu. Pulları əsasən Çingiz Həsənovun otağında katibəsi verirdim”.
Prosesdə məlum olub ki, bu şahid də ibtidai istintaqa ziddiyyətli məqamlar ortaya çıxıb. Məlum olub ki, o sellofan torbada 10 min-200 min manat məbləğində pullar aparıb. Amma şahid məhkəmədə bu faktı təsdiq etməyib. O bildirib ki, işlədiyi dövrdə Rasim Məmmədova heç vaxt pul verməyib.
Proses sentyabrın 30-da davam etdiriləcək./Musavat.com/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?