Dərslər başladıqdan sonra Bakıda yaşayanların ictimai nəqliyyat problemi yenidən gündəmə gəlib.
Paytaxt yollarının tıxacından, dəqiqələrlə, bəzən saatlarla dayanacaqlarda avtobus gözləməkdən yorulanlar yolunu Bakı metrosundan salırlar. Lakin metroda yaranan sıxlıq, havasızlıq, qatarların gecikməsi işdən yorğun çıxıb evinə getmək istəyən insanların nəinki rahatlığını təmin etmir, hətta vaxtını da əlindən alır. Dəfələrlə qatarların gecikməsi, havalandırılması ilə bağlı sosial şəbəkədə məlumatlar paylaşılsa da, cavablar eyni olur - ya qatarlarda yaranan texniki nasazlıq, ya da qatarların yeni xəttə buraxılması.
Dünən, 11 oktyabr tarixində axşam saat 18-23-də “Həzi Aslanov” - “Dərnəgül” istiqamətindəki qatarların intervalında gecikmə qeydə alınıb. Belə ki, qatar stansiyaya 7 dəqiqə aralığında gəlib. Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıblar. Sərnişinlər həm də vaqonlarda havalandırmanın olmamasından şikayətləniblər. İddia edirlər ki, havalandırmanın normal işləməsi üçün mütləq maşinistlə əlaqə saxlamalısan. Gundenmxeber.az-ın məlumatına görə, bütün bunlar aydınlıq gətirmək üçün “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Cebhe.info-ya bildirdi ki, gur saatlarda havalanmaya müdaxilə edilməlidir:
“Kondisionerli qatarlarda kondisionerin işləməməsi mümkün deyil. Ötən həftənin ortalarında stansiyalarda monitorinq aparmışıq. “Elmlər Akademiyası” stansiyasından sonra sıxlıq azalanda kondisionerin işlədiyi aydın hiss olunur. Qatarlar tez-tez stansiyalara giriş-çıxış edir, qapılar açılır, örtülür, insan kütləsi daxil olur və əksinə, bu zaman soyutma balansı pozulur. Evdə də kondisioneri yandırıb, qapı-pəncərəni açsaq, otaq tutduqca insan olsa, kondisioner çatdırmaz. Onun tənzimlənmə mexanizmi avtomotikdir. Kondisioner sistemi özünü havaya uyğun mərhələli şəkildə tənzimləyir. Ona görə deyirik ki, maşinistə müraciət edirsiniz, o, avtomatik sürətini artırır, müəyyən mərhələdən sonra normativə qayıdan kimi özü yenidən avtomatik rejimə keçir. Maşinist salonda havanın necə olduğunu əyani şəkildə hiss etmir. İnsanlar gah soyuq, gah isti rejimdən şikayət edirlər. Ona görə də avtomatik rejimdə olur, soyutmanı artırıb azaltmaq üçün sərnişin maşinist düyməsindən istifadə edə bilər. Gur saatlarda bu problemi “Memar Əcəmi”dən və “Neftçilər” stansiyasından sonra heç kim hiss etmir. Dünyada da elə bir texnologiya yoxdur ki, özü sürəti artırıb, azaltsın. Avtomatik sistemlər mərhələli, yavaş-yavaş tənzimlənir”. O, gecikmənin ehtiyat qatarların xəttə çıxması ilə bağlı olduğunu qeyd edib. Bildirib ki, Bakı metrosunda texniki cəhətdən nə vaqon sayını artırmaq, nə də intervalı azaltmaq mümkündür: “Ehtiyat qatar xəttə çıxırsa, “Dərnəgül” xəttində elə varinat mümükündür. Çünki ehtiyat qatarlarımız “Memar Əcəmi”dən dönüb qayıdır ki, əsas sıx olan stansiyalarda daşınmanın tənzimlənməsində iştirak etsin. Bizim xətlərimizdə “28 May” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər iki dəqiqədən aşağı intervalı tətbiq etmək mümkün deyil. “Dərnəgül” istiqamətində xətlər ayrıldığına görə ən yaxşı halda 4-5 dəqiqə interval görürsünüz. Bunun səbəbi belədir. Metronun iki xətti “28 May” stansiyasında birləşir. Metro prinsiplərində belə şey olmamalıdır. Amma bizim olanımız budur. Gələcəkdə xətlər ayrıldıqdan sonra bu problem həll olacaq, hətta intervalları 2 dəqiqədən aşağı da salmaq mümkündür. Amma bunun üçün texniki cəhətdən metronun imkanları olmalıdır. Qatar sayı burada rol oynamır. Vaqon sayını artırmaq mümkün deyil. Platforma 5 vaqon sayına hesablanıbsa, altıncı vaqonu ora qoşmaq olmaz. Problemlər buradan qaynaqlanır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?