Sosial şəbəkələrdə İran Azərbaycanının Ərdəbil şəhərində baş örtüyü olmayan bir gənc qızın küçədə şüarlar səsləndirərək, etiraz aksiyası keçirdiyini əks etdirən video-görüntülər yayılıb.
Verilən məlumata görə, gənc qız fars dilində İranda 22 yaşlı Məhsa Əminin polis nəzarətində ölümündən başlayan itirazların şüarı olan "qadın, yaşam, azadlıq” şüarlarını səsləndirərək, şəhərdə yoldan keçən vətəndaşlara gül paylayıb.
Yayımlanan videoda yoldan keçən avtomobillərdən ona dəstək olmaq üçün siqnal verildiyi göstərilir.
Bundan bir neçə dəqiqədən sonra təhlükəsizlik qüvvələri etirazçı gənc qızı saxlamaq üçün ona yaxınlaşıb zorla maşına tərəf sürükləməyə başlayıblar.
Həmin yerdə olan vətəndaşlar etirazçı qızın saxlanılmasının qarşısını almaq üçün təhlükəsizlik qüvvələrinə müdaxilə edib və etiraz edən qızı onlardan xilas ediblər.
Təhlükəsizlik agentlərinin əlindən azad edildikdən sonra onun əvvəlki yerə qayıdıb yenidən şüarlar səsləndirməyə başlaması sosial şəbəkə istifadəçilərinin heyrətinə səbəb olub. Bir çox sosial şəbəkə istifadəçisi bu qızın cəsarətini yüksək qiymətləndirib.
Hələ ki, bu qızın kimliyi ilə bağlı heç bir məlumat yoxdur və onun təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib-edilmədiyi məlum deyil.
İran Azərbaycanından verilən məlumata görə, bəzi qadınlar hökumətin tətbiq etdiyi məcburi hicab qanununa qarşı vətəndaş itaətsizliyi başladaraq küçəyə baş örtüyü olmadan çıxırlar. Bəzi müşahidəçilər bundan sonra İran İslam hökumətinin məcburi hicab qanununu tətbiq etməkdə çətinliklərlə qarşılaşa biləcəyini düşünür.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?