Noyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun işi üzrə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı Orxan Səmədov məhkəmədən Məmmədovu bütün ittiham maddələri ilə təqsirli bilməyi və əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etməyi xahiş edib.
Məmmədov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (yalançı sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulmuş iqtisadi cinayətləri törətməsi barədə ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir.
Noyabrın 28-də keçiriləcək növbəti iclasda vəkillərin və təqsirləndirilən şəxsin özünün yekun çıxışı gözlənilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin bu il fevralın 3-də yaydığı məlumata görə, "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov saxlanılıb.
Məlumatda bildirib ki, başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə "Baku Steel Company" MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.
Rasim Məmmədovun rəhbərlik etdiyi "Baku Steel Cоmpany" ölkənin birinci böyük pоladəritmə müəssisəsi olub, 21 iyun 2001-ci ildə fəaliyyətə başlayıb.
Şirkətin polad istehsalına görə illik istehsal gücü bir milyon ton olub. Şirkət armatur, kvadrat pəstah, dairəvi pəstah, şveller, katanka (məftil), künclük, ikitavr, kvadrat və dəmir çubuq, habelə çeşidli fiqurlu tökmələr istehsal edib.
Son bir neçə ildə yerli mediada bu şirkətin monopolist mövqeyi, digər şirkətlərin əmlakının ələ keçirməsi və bir sıra yüksək vəzifəli şəxslərlə yaxınlıq mövqeyindən istifadə edərək bazarda üstünlük qazanması barədə məqalələr dərc olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?