GundemXeber.Az bildirir ki, 24saat.org saytı Medianın İnkişafı Agentliyini reyestrə daxil ediməməsinə görə məhkəməyə verib.
Sayt rəhbəri bildirib ki, “Medianın İnkişafı Agentliyi 24saat.org MMC-ni media reyestrinə daxil etməkdən imtina edib. İmtina məktubunda buna əsas olaraq, göstərib ki, saytın fəaliyyəti davamlı deyil.
Agentlik hər saytdan onlayn media resursuna hər gün azı 20 özəl xəbər yerləşdirməyi tələb edir. Bu da Avropa Şurası Nazirlər Komitəsinin təlimatına uyğun gəlmir. Agentliyə qarşı qaldırılmış iddiaya Bakı İnzibati Məhkəməsində yanvarın 9-da saat 12.30-da baxılacaq”.
Sayt məhkəmə qarşısında həmin qərarın qanunsuzluğu – qanunvericiliyin aydın, Konstitusiyaya və beynəlxalq müqavilələrə uyğunsuz olması, imtina qərarının əsaslandırılmaması məsələlərini qaldırıb, agentliyin üzərinə saytın reyestrə daxil edilməsi vəzifəsinin qoyulmasını, ifadə azadlığı hüququnun pozuntusunun tanınmasını xahiş edib.
Media hüququ üzrə ekspert Xalid Ağəliyev deyir ki, reyestrə daxil edilməsi üçün müraciət edən, lakin imtina cavabı alan, məhkəmələrə üz tutan başqa media orqanları, jurnalistlər də var:
"Bu durumda doğru addım o olardı ki, Media Agentliyi reyestrə qoşulmaq niyyətini ifadə edənlərin hamısını Konstitusiyanın tələblərinə hörmətlə avtomatik olaraq, reyestrə daxil etsin. Ardınca, onların qüvvədə olan qanuna necə əməl etmələrinə nəzarət etsin, qanunu tətbiq etsin. Amma ən doğru yol əlbəttə ki, media haqqında mürtəce qanunvericiliyin dəyişdirilməsidir. Redaksiya siyasətinə çərçivə cızan, jurnalistə neçə, necə xəbər yazmaq, yaymaq öhdəliyi qoyan, jurnalist işi ilə məşğul olanlar arasında ayrı-seçkilik yaradan qanun, Avropa Şurası Nazirlər Komitəsinin ötən ay qəbul etdiyi qətnamədə yazıldığı kimi "dəyişdirilməli və tam şəkildə Avropa Şurası standartlarına uyğunlaşdırılması üçün tədbirlər görülməlidir”.
Sorğu
Yeni dizaynımız necədir?