Hörmətli oxucular! Qeyd etmək istəyirik ki, bir media qurumu olaraq ölkəmizin şəhər və rayonlarında, iri yaşayış məntəqələrində, kəndlərində, qəsəbələrində fəaliyyət göstərən təhsil müəssisəsində ümumi vəziyyətin necəliyi, tədris olunan dərsliklərin şagirdlər tərəfindən necə mənimsənilməsi, rəhbər şəxslərin həyata keçirdikləri idarəçiliyin mahiyyəti, təhsil müəssisələrində müəllim şagird münasibətlərinin göstəricisi və s. hər zaman maraq dairəmizə daxil olan məsələlərdən biri olub. Düzdür, hansı təhsil müəssisəsində problemlər yaşanıbsa və baş verənlərlə bağlı redaksiyamıza əhəmiyyətli məlumatlar çatdırılıbsa, o halda qeyd olunan problemləri ictimailəşdirməyə çalışmışıq. Amma, elə hallar da olub ki, təhsil müəssisələrində əldə olunan uğurları geniş ictimaiyyətin diqqətinə çatdırmağı, sanki özümüz üçün borc da bilmişik. Onu da bildirək ki, Gəncə şəhərindəki Mircəlal Paşayev adına 39 saylı tam orta məktəb də, bu sırada diqqətimizi cəlb edən təhsil müəssisələrindən biri olub. Belə bir səbəbdəndir ki, təqribən 2020-ci ilin sentyabr, oktyabr və noyabr ayları ərzində bu təhsil ocağı ilə bağlı redaksiyamıza çatdırılan məlumatlar əsas tutaraq, gundemxeber.az saytında ayrı-ayrı başlıqlar adı altında, o cümlədən “Gəncədə “pulyığan ştatı”na rəhbərlik edən müəllimə hansı əməllərlə məşğuldur?–ŞOK FAKTLAR”, “Görəsən Gəncədəki məktəb direktorunu onun müdafiəçiləri xilas edə biləcəklərmi, yoxsa...”, “Gəncədə məktəb direktorunun başı üzərində “qara kabus” dolaşır- ŞOK İDDİALAR” və “Emin Əmrullayevin məktəb direktoru qarşıdurmaya zəmin yaradır- ŞOK İTTİHAMLAR” məqalələr yayımladıq. Qeyd edək ki, redaksiyamız Bakı şəhərində yerləşdiyindən və bu təhsil müəssisəsi Gəncədə fəaliyyət göstərdiyindən, ilk əvvəl daxil olan məlumatları lazımi səviyyədə araşdırmaq və əsl həqiqətləri üzə çıxarmaq imkanımız xaricində oldu. Düzdür, ayrı-ayrı başlıqlar adı altında yayımladığımız məqalələrdə Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevin fəaliyyəti əsas hədəf götürüldü və digər olaylarla bağlı çatdırılan məlumatlar geniş ictimaiyyətin diqqətinə də çatdırıldı. Bütün bunlara baxmayaraq, bu təhsil ocağı ilə bağlı çatdırılan məlumatları bir daha araşdırmağı və əsl həqiqətləri üzə çıxarmağı qarşımıza məqsəd qoyduq və bu yöndə jurnalist araşdırmalarımızı davam etdirdik. Sonrakı araşdırmalar zamanı bəlli oldu ki, bu təhsil ocağında çalışan müəllimlərdən birinin istər 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevin idarəçiliyi ilə bağlı, istərsə də bu şəxsin rəhbərlik etdiyi kollektivdə çalışan bəzi müəllimlərin fəaliyyətləri ilə bağlı redaksiyamıza çatdırdığı məlumatlar heç də həqiqəti ifadə etmir. Söz yox ki, müxtəlif başlıqlar adı altında yayımladığımız məqalələr hansısa qərəzçilik hissindən deyil, bir növ səhlənkarlıq nəticəsində atlan addımlar olur. Bundan əlavə, 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevin iddia tələbi əsasında aparılan məhkəmə araşdırmalarından və 18 fevral 2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsində (İş- 2(104)-3518/2021) çıxarılan qərardan bəlli olur ki, bu təhsil ocağı ilə bağlı çatdırılan məlumatlar fərd və yaxud da fərdlərin düşündükləri ambisiyalardır. Biz bir media qurumu olaraq məhkəmə araşdırmalarına və çıxarılan qərara hörmətlə yanaşdığımızı, redaksiyamıza çatdırılan məlumatların həqiqət olmadığını dilə gətiririk və yazılanları tam şəkildə də təkzib edirik.
Sorğu
Yeni dizaynımız necədir?