Nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyindən isə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, nikahın ləğvi, etibarsız sayılması barədə məhkəmə qətnaməsindən çıxarış dərhal “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək. Ümumiyyətlə, öncəki illərlə müqayisədə son illər rəsmi nikaha daxil olanların sayında azalma var. Maraqlıdır, nikahı stimullaşdırmaq üçün hansı addımlar atılmalıdır? Gundemxeber.az-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, gənclər arasında evlənməyə maraq azalır: "Əvvəlcə buna cavab tapmaq lazımdır ki, gənclər niyə evlənmək istəmir? Xüsusilə, karyera qurmaq adı ilə irəli yaşlara qədər evlənməməyə çalışırlar. Karyera qurmaq yaxşıdır, həm ölkənin gələcəyi, həm gənclərin savadlılığı, həm də iqtisadi cəhətdən tamamilə asılı olmamaları baxımdan alqışlanası addımdır. Amma ailə qurmaqla karyera qurmağı eyni anda etmək olar. Biri digərinə mane olmamalıdır. Təəssüf ki, bəzi mental dəyərlərə görə, ailə qurandan sonra qızların karyera məsələsi ikinci plana atılır. Bundan əlavə, rəsmi nikah bağlamadan evlənən insanlar da var. Gənclərin nikaha marağının azalması özünü statistikada göstərir". Onun sözlərinə görə, əvvəlcə genefondun artırılmasında gənclərdə maraq yaradılmalıdır: "Uşaqpulu" verilmir, xüsusi imtiyazlar yoxdur, ailə quran gənclər evsizdir. Yəni, onlara bu kimi məsələlərdə stimul lazımdır. Yeni ailə quranlara güzəştli şərtlərlə ev təşkil etmək, doğulan uşaqlara görə "uşaqpulu"nu bərpa etmək lazımdır. Mexanizm hazırlansa, stimullaşdırıcı çox təklif vermək olar. Biz narahatıq, amma hökumət bundan narahat deyil. Əgər narahat olsa, genefondun təhlükədə olduğunu bilsə, hökumətdən bir tərpəniş, cəhd hiss edərdik. Amma biz bunu görmürük, hiss etmirik. Yenə də özümüz deyirik, özümüz yazırıq, özümüz oxuyuruq".
Sorğu
Yeni dizaynımız necədir?