İki gün əvvəl, Naxçıvan Ali Məclisinin sesiyasında mühüm bir qərar verildi. Ali Məclisin deputatı Anar İbrahimov Ali Məclis sədrinin müavini seçildi.
Buna sıradan bir hadisə kimi baxmaq olmaz. Artıq bu seçim onu deməyə əsas verir ki, Naxçıvanda post-Talıbov dönəmi üçün gələcək rəhbər müəyyənləşib. Vasif Talıbovun istefasından sonra onun sədr səlahiyyətlərini avtomatik olaraq birinci müavin Azər Zeynalov icra etməyə başladı. Çox maraqlıdır ki, Talıbovun dönəmində Ali Məclis sədrinin müavinlərindən birinin yeri boş olaraq qalırdı. Nədənsə , yeni formalaşan parlamentdə buna təşəbbüs belə edilməmişdi. Prezident Fuad Nəcəflini Naxçıvana öz səlahiyyətli nümayəndəsi təyin etsə də, Konstitusion baxımdan üstün səlahiyyət yenə də Ali Məclisdə qalırdı. Yəni formal olsa da, qanunvericikiklə verilən ən üstün səlahiyyətlər Azər Zeynalovun əlində cəmləşir. Təsadüfi deyil ki, Fuad Nəcəflinin Naxçıvanda olduğu dönəmdə belə Naxçıvandakı mühüm kadrların vəzifəyə təyinatı və vəzifədən azad edilməsi ilə bağlı sərəncamlar məhz Ali Məclis sədri vəzifəsini icra edən Azər Zeynalov tərəfindən imzalanırdı. Etiraf edək ki, Azər Zeynalovun MR-də belə üstün mövqeyə sahib olması yerli əhali tərəfindən qıcıqla qarşılanır. Çünki yalnız Vasif Talıbovun dönəmində öz karyera yüksəlişi əldə edən Azər Zeynalov həm də MR-in “boz kordinalı”, rəhbərliyin “qara kassası” kimi xarakterizə edilirdi. Bu baxımdan da, Azər Zeynalovla vidalaşmaq, hətta onun cinayət məsuliyyətinə cəlb edilməsi hakimiyyət üçün hər zaman arzuedilən olub. Çünki onun adı Naxçıvanla bağlı çox ağır korrupsiya cinayətlərində hallanır. Sadəcə, yaranan real situasiya, onun tutduğu postun yaratdığı immunitet buna imkan vermirdi. Anar İbrahimovun yeni posta seçimi həm də Azər Zeynalovun bitirilməsi anlamına gəlir. Böyük ehtimalla qısa müddət sonra Azər Zeynalov könüllü olaraq istefa verəcək. Ali Məclis bir səsvermə ilə Anar İbrahimovu onun yerinə seçməklə, Naxçıvanın ali rəhbərliyini bu kadra həvalə etmiş olacaq. Ali Məclis rəhbərliyinə cavan, adı korrupsiya qalmaqallarında hallanmayan, bir neçə xarici dil bilən, Avropa İnstitutları ilə zəngin iş təcrübəsi olan belə şəxsin gətirilməsi Naxçıvanda mühüm kadr islahatlarına start verilməsi , Ali Məclisin itirilən nüfuzunun reabilitasiyası kimi dəyərləndirilə bilər. Bu , eyni zamanda Naxçıvanın muxtar statusunun ləğvi ilə bağlı gəzən şayiələrə birdəfəlik son qoymuş oldu. Ali Məclis institunun gücləndirilməsinə olan maraq, həm də hakimiyyətin gələcəkdə belə addım atmayacağından xəbər verir. Bundan sonra Ali Məclislə Xüsusi Nümayəndəlik arasındakı fəaliyyətin koordinasiya edilməsində də yeni mərhələyə start veriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?