Noyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində "Abzas Media"nın direktoru Ülvi Həsənli barəsində 4 aylıq həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib. Həsənli məhkəmənin qərarı ilə həbsdə qalıb.
Vəkil Zibeydə Sadıqova bildirib ki, Ülvi Həsənli məhkəmədə heç bir cinayət törətmədiyini, qaçaqmalçılıq ittihamının absurd olduğunu, rəhbərlik etdiyi "AbzasMedia"nın korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirib.
"Dedi ki, "Abzas Media"nın ofisində 40 min avro olmayıb, pul məqsədli şəkildə ora atılıb. Ülvi Həsənli haqqında həbs qərarı əsassızdır. O, həbsdə saxlanılmadan da istintaq aparıla bilər", o bildirib.
Noyabrın 23-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Noyabrın 22-də Daxili İşlər Nazirliyi bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb.
Məhəmməd Kekalovun noyabrın 20-də mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparıldığı bildirilir. Ailəsinin məlumatına görə ondan 2 gün xəbər almaq mümkün olmayıb. Ailəsi və yaxınları ona işgəncə verilməsindən narahat olduqlarını bildiriblər.
Noyabrın 23-də Məhəmməd Kekalovla görüşən vəkil Rövşanə Rəhimli jurnalistlərə bildirib ki, Məhəmməd ondan vəkil kimi imtina etdiyini deyib.
Noyabrın 21-də Xətai Rayon Məhkəməsi "Abzas Media" xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunurlar.
Jurnalistlərin vəkilləri Zibeydə Sadıqova və Elçin Sadıqovun sözlərinə görə, onların hər ikisi məhkəmədə ittihamları rədd edib.
Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının "Abzas Media"nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı onlara qarşı ittihamı qəbul etmir və bunun "Abzas Media"da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?