Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədov psixiatriya xəstəxanasında qeydiyyatda olub və bir neçə dəfə müalicə alıb. Bütün bunlara baxmayaraq, o, sürücülük vəsiqəsi üçün lazım olan tibbi arayışları necə əldə edib?
Gundemxeber.az bildirir ki, Media.Az bununla əlaqədar I kateqoriyalı həkim, psixiatr Abdulla Şıxlinski ilə danışıb. Ekspertin sözlərinə görə, sürücülük vəsiqəsinin alınması prosesi dövlət tibb müəssisəsinin psixiatr və narkoloqunun məcburi rəyini tələb edir. “Yəni özəl klinikanın belə sənədləri vermək səlahiyyəti yoxdur. Bu o halda mümkündür ki, tibb müəssisəsinin ekspert rəyi verməyə imkan verən xüsusi lisenziyası mövcuddur, həmçinin bu cür arayışların yoxlanılması və verilməsi üçün ixtisaslaşdırılmış komissiya var”, - deyə o vurğulayıb.
Həkim təəssüflə bildirib ki, bizim dövlət klinikalarında belə müayinə düzgün aparılmır və bu, böyük problemdir.
“Hər şey, bir qayda olaraq, çox formaldır: Həmin şəxsin dispanser müşahidəsində olub-olmadığı yoxlanılır. Cavab mənfi olarsa, ona arayış verilir”, - deyə A.Şıxlinski bildirib.
Ekspert vurğulayıb ki, hazırda bütün məlumatlar elektron sistemdədir və əgər yoxlama zamanı bir şəxsin dispanser müşahidəsində olduğu, ya bir dəfə psixiatriya xəstəxanalarında stasionar müalicə aldığı üzə çıxarsa, ona arayış verilməməli idi.
O, xatırladıb ki, qətldə şübhəli bilinən Əhməd Əhmədov beş dəfə Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olub: “Təbii ki, o qeydiyyatda olduğu yerdə psixiatrın daimi dispanser nəzarətində qalmalı idi. Lakin buna baxmayaraq, həmin şəxsə sürücülük vəsiqəsi almaq üçün rəy verilib”. A.Şıxlinski bütün bu sənədlər və tibbi arayışların Daxili İşlər Nazirliyi orqanlarında saxlanıldığını deyib: “Bu sənədlər əsasında Ə.Əhmədova hansı tibb müəssisəsinin rəy verdiyini rahatlıqla yoxlamaq mümkündür”, - deyə o əlavə edib. Ekspert onu da qeyd edib ki, Ə.Əhmədova arayış verən həkimlər cinayət məsuliyyəti daşımalıdırlar. “Psixi cəhətdən sağlam olmayan adamın maşın sürməsi ilə yanaşı, onun vəziyyətinə heç kim nəzarət etməyib. Bu onun müalicə alan həkiminin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verir”, - deyə A.Şıxlınski vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?