Xəbər verdiyimiz kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Koroğlu" metrostansiyasının ətrafında yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradıb.
İlkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 15 müntəzəm (140, 140E, H1, 141E, 160, 171, 172, 214, M8, 60, 62, 70, 93, 184, 204) marşrut xətti üzrə 200-ə yaxın avtobus fəaliyyət göstərir. Lakin bu istiqamətdə hərəkət sərnişinlər üçün bir çox çətinlik yaradıb. Yolun uzanmasından əlavə, metrostansiyada aşağı düşmək üçün nəzərdən tutulan eskalatorun istifadəsi illərdir ki, dayandırılıb. Daş pilləkənlərin sayının çox olması əlilliyi olanlara, qocalara, hamilə qadınlara əlavə çətinlik yaradır. Çox zaman bu şəxslər digərlərinin köməyindən istifadə edərək aşağı düşməli olur.
Maraqlıdır, eskalatorların işlək vəziyyətə gətirilməməsinin səbəbi nədir? GUNDEMXEBER.AZ bildirir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Cebheinfo.az"-a açıqlamasında deyib ki, yalnız xüsusi hallarda hər iki eskalatorun qoşulması müzakirə oluna bilər: ““Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin piramida istiqamətində də yaranması “Koroğlu” stansiyasının iş rejiminə təsir edə bilər. Bununla bağlı tədbirlər planı hazırlamışıq. Çünki axın istiqaməti müxtəlif parçalanmaya məruz qalır. Tək piramida istiqaməti deyil, əks tərəf və “Atletler kəndi” istiqamətində də sərnişinlərin axın öyrənilir. Hər saatdan bir monitorinq aparılır. Həmçinin, eskalatorlar da ciddi nəzarətə götürülüb. Amma bir eskaltor mütləq qaydada ehtiyat kimi saxlanılmalıdır. Orada isə 2 eskalator var. Həmin eskalatorlar da monitorinqin tərkib hissəsinə əlavə edilib. Hansısa sıxlıq yaranarsa, xüsusi hallarda hər iki eskalatorun qoşulması müzakirə oluna bilər". Bu məlumatdan da aydın olur ki, nə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, nə də eskalatoru işlək vəziyyətə gətirilmək istəməyən "Bakı Metropoliteni" sərnişinlərə güzəştə getməyəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?