Çoxsaylı xarici ölkələr, o cümlədən Türkiyə, Rusiya, Rumıniya, Gürcüstan, İran, Ermənistan, İsrail, ABŞ, Kanada, Fransa, Böyük Britaniya, İsveç, Belçika, Almaniya, İtaliya, Niderland Pakistan, Serbiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Belarus, Moldova, Serbiya, Avropa İttifaqı və digər dövlətlər təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin başsağlığında deyilir ki, ABŞ faciə ilə bağlı Azərbaycana kömək etməyə hazırdır.
Ermənistanın baş naziri Nikol Paşinyan təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
"Bakı-Qroznı reysilə baş vermiş aviafəlakətdə həlak olanların ailələrinə başsağlığı verirəm. Gündəlik həyatını yaşayan insanların başına gələn faciə kədər doğurmaya bilməz", o, Facebook səhifəsində yazıb.
Böyük Britaniyanın səfiri Fergus Auld X sosial şəbəkəsində yazıb: “Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı xəbərlər məni dərindən kədərləndirdi. Düşüncələrim bu faciəli hadisədən təsirlənən hər kəslədir. Hökumət aidiyyəti orqanlarla əlaqədədir”.
Fransa səfirliyi bildirir ki, ölkəsi bu gün Aktau yaxınlığında baş verən təyyarə qəzası nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzu edir.
İsrail səfirliyinin bəyanatında qəza ilə əlaqədar kədər ifadə olunub, hadisə qurbanlarının ailələrinə başsağlığı ifadə edilib.
“Bu gün Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzası xəbəri bizi sarsıtdı və dərindən kədərləndirdi. Sağ qalanların tezliklə sağalması üçün dua edirik. İsrail xalqı adından yaxınlarını itirmiş ailələrə səmimi başsağlığımızı çatdırırıq. İsrail səfirliyi müvafiq orqanlarla əlaqədədir və lazım olan hər hansı yardımı göstərməyə hazırıq. Qurbanların ruhları rahatlıq tapsın”, səfirliyin bəyanatında qeyd olunub.
Baş sağlıqları xarici dövlətlərin liderlərindən və müxtəlif təşkilatlardan daxil olmaqda davam edir./amerikaninsesi.org/
Sorğu
Yeni dizaynımız necədir?