Quş qripi aşkarlanan ərazilərdən riskli məhsulların idxalı Azərbaycana məhdudlaşdırılır.
Gundemxeber.az bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyətin gərgin olaraq qalmasıdır.
“Xəstəliyin dünyanın bütün regionlarında baş verməsi, xüsusilə Avropada endemik xarakter alması, quşlardan savayı məməlilər sinfinə aid suda və quruda yaşayan heyvanlarda da aşkar edilməsi, xəstəlik törədicisinin genetik xüsusiyyətlərində dəyişikliklərin meydana gəlməsi və digər amillər epizootiyanın genişlənməsinin əsas əlamətləri kimi göstərilə bilər”.
Agentlik qeyd edir ki, ölkə köçəri quşların yaz və payız miqrasiya marşrutlarının əhatəsində olduğu üçün sözügedən xəstəlik üzrə riskli coğrafi regionda yerləşir.
Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təqdim etdiyi məlumatlar əsasında xəstəlik baş verən ölkələrin müxtəlif ərazilərindən ölkəmizə riskli məhsulların idxalına məhdudiyyətlər tətbiq edilir.
Agentlik bildirib ki, cari ilin yanvar ayında keçirilən monitorinq zamanı xəstəliyə şübhəli hal aşkar edilməyib.
Ekspertlər Azərbaycanın rəsmi qurumlarının quş qripi ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirməsini vacib sayır.
Azərbaycan Ornitoloji Cəmiyyətinin məlumatına görə, qış yumşaq keçəndə Azərbaycanda 300-500 qu quşu qışlayırsa, qış sərt keçəndə bunların sayı 30 minədək qalxır. Yalnız Qızılağac Dövlət Qoruğunda sərt qışlarda 20 minədək qu quşu olur.
Ümumilikdə isə il ərazində Azərbaycan ərazisində azı bir milyonadək quş qışlayır. Quşlar əsasən böyük su bataqlıq sahəsi olan Qızılağac Dövlət Qoruğunda, Kürün deltasında, Sarı Su gölü, Ağ göl, Abşeron-Qobustan dəniz sahili-Abşeron Milli Parkı, Pirallahı adası, Dərin Özüllər Zavodu, Ələt buxtası, Yaşma adası, Candar gölü, Minkənd su anbarı, Mingəçevir su anbarının Samux sahəsi, Acınohur gölü və digər yerlərdə qışlayır.
Bununla yanaşı fevral ayından quşların köçü başlayır. Rəsmi məlumatlara görə, Azərbaycan ərazisi vasitəsi ilə azı 10-12 milyon quş köç edir.
Azərbaycanda ilk dəfə H5N1 yüksək patogen "quş qripi" 9 fevral 2006-cı ildə Abşeronda vəhşi quşlarda təsdiq edilib və bu, vaxtaşırı özünü büruzə verib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədə 2006-cı ildə 5 nəfərin H5N1 quş qripi virusundan vəfat etdiyi təsdiq edilib. Təşkilat ölənlərin 4-nün Azərbaycanın cənub-şərq rayonlarından olduğunu bildirib.
2008-ci ildə Azərbaycanda qrip pandemiyasına hazırlıq üzrə Milli Plan qəbul edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?