Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib...
Gundemxeber.az xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən Ağadadaş Ağayevin 2 il sınaq müddəti olmaqla 2 il müddətində şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili son söz üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası martın 6-na təyin olunub.
Qeyd edək ki, ötən ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb. Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edib.
Yanvarın 8-də Xalq artisti Ağadadaş Ağayevlə hospital, mühafizəçi və xadimə arasında barışıq əldə olunub.
Daha sonra Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiasına xitam verilməsi barədə qərar çıxarıb.
Sorğu
Yeni dizaynımız necədir?