Gündəm Xəbər azxeber.com-a istinadən xəbər verir ki, şəhərin Şeyx Bahəddin küçəsindəki gül mağazasına bir neçə nəfər daxil olaraq orada olan gülləri dağıdıblar və işçilər, 1973-cü il təvəllüdlü Seyidov İsgəndər və onun qardaşı 1976-cı il təvəllüdlü Seyidov Anara ağır bədən xəsarətləri yetiriblər.
Məlumata görə, satıcını döyən şəxs Gəncə şəhərində yerləşən keçmiş Dinamo cəmiyyətinin sədri Namiq Əliyevin qardaşı oğlu Bəşir adlı şəxs olub. O başına 10-a yaxın gənci yığaraq mağazaya basqın edib və küt alətlə satıcını döyüb. Nəticədə satıcı olan qardaşlardan birinin qabırğası sınıb, beyni silkələnib. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş tutduğu da məlum olub. Sakinlərin iddiasına görə, Bəşir adlı şəxs həmin ərazinin özünə məxsus olduğunu və orada istədiyi hər şeyi edə biləcəyini deyib. Məlumata görə, Bəşir 24 saat çalışan mağazaya gecə vaxtı gələrək, işçilərlə zarafatlaşır və onları mütəmadi olaraq təhqir edib. Məsələni bilən mağazanın müdiri bu haqda Bəşirlə söhbət edib və bu hərəkətin doğru olmadığını deyib. Satıcıların ondan şikayət etməsi Bəşirin xoşuna gəlməyib və ertəsi gün 10 dostu ilə mağazaya basqın edib və ondan şikayət edən satıcını döyüb.
Sakinlərin dediyinə görə, Bəşir adlı şəxs və əmisi Namiq Əliyev həmin ərazidə "Ağ çiçəyim" dükanının açılmasına ilk gündən razı olmayıblar.
Qeyd edək ki, məsələ ilə bağlı hələ ki, saxlanılan və ya həbs olunanlarla bağlı rəsmi açıqlama yoxdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?