Hədə-qorxu yoluyla pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunan Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Alqış Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Alqış Həsənov zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsilə onun xeyli miqdarda əmlakını əldə etmək qərarına gəlib.
Cinsi əlaqə
O, bu məqsədlə 2014-cü ilin iyul ayında tanışı Samir Mehdiyevlə (ad və soyad şərti verilib - red.) Bakı şəhəri, Qaraçuxur qəsəbəsi ərazisində görüşüb. O, tanışı ilə cinsi əlaqədə olub və bunu mobil telefona çəkib.
Şantaj
Alqış Həsənov həmin çəkilişi "CD" diskinə köçürüb və bununla bağlı Samir Mehdiyevə videoyazı olduğunu bildirib. O, Samiri həmin diski onun ailə üzvlərinə təqdim edəcəyi və internet şəbəkəsinin "Google" saytına yerləşdirəcəyi, bununla da haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. Təqsirləndirilən şəxs Samir Mehdiyevin bu çəkilişin yayılmaması üçün 9 min ABŞ dolları verməsini tələb edib. Samirə də həmin çəkilişin yayılmaması üçün deyilən məbləği Alqış Həsənova verib.
Qəbələ səfəri və ölüm təhdidi
Bundan başqa Alqış Həsənov 2014-cü ilin yay aylarında özünə məxsus "Nissan Patfainder" avtomobilində tanışı Samir Mehdiyevlə birlikdə Bakı şəhərindən Qəbələ rayonuna gedib. Alqış Həsənov yolda maşını İsmayıllı rayonu ərazisində saxlayıb və avtomobil yolunun üzərində yerləşən "Nur" marketdən 1 ədəd bıçaq alıb. O, həmin bıçağı avtomaşının yanında və salonunda Samir Mehdiyevə göstərib. Samirlə mübahisə edən Alqış Həsənov ondan pul istəyib. Alqış Həsənov pulu vermədiyi halda Samir Mehdiyevə xəsarət yetirəcəyini və öldürəcəyini bildirib.
200 manatlıq şantaj
Daha sonra Alqış Həsənovla Samir Mehdiyev Qəbələ rayonuna çatıblar. Rayon ərazisində yerləşən "Qəbələ-Xanlar" restoranın həyətində qoyulmuş eyni stolun ətrafında oturan zaman Alqış Həsənov onu yenidən hədələyib. O, bıçağı Samir Mehdiyevin qarın nahiyəsinə dirəyib, onu həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyilə hədələyib. Bununla da ondan 200 manat alıb.
Üç maddəli cinayət işi və 12 il cəza
Alqış Həsənov Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alqış Həsənov 12 il müddətinə azadlıqdan məhrum edilib./publika.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?