Həbs edilən dəstənin hansı ölkəyə informasiya ötürmələri ilə bağlı müəmmalar var; Sülhəddin Əkbər: “...Tutulanların Rusiya ilə əlaqəli olduqları bilinir, amma başqa dövlətin adı çəkilir”
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbaycan ərazisində casusluq yolu ilə toplanılmış məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında Azərbaycan Respublikasından çıxarmağa çalışan Muxtar Yağubov ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb. DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, dövlətə xəyanət faktı üzrə casus şəbəkəsinin üzvləri - Azərbaycan vətəndaşları Yağubov Muxtar Camal oğlu, Əhmədov Şakir Xanlar oğlu, Zeynallı Zəka Abış oğlu, Abbaszadə Səbuhi Oktay oğlu, Nuriyev Xudaşükür Məcid oğlu və Hüseynov Kəmaləddin İsaxan oğlu ifşa edilərək cinayət məsuliyyətinə cəlb ediliblər. İstintaq-əməliyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları ilə qarşılıqlı yazışmalar və ötürülməsi nəzərdə tutulan müxtəlif xarakterli məlumatlar aşkarlanaraq ələ keçirilib, casus şəbəkəsinin xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə dövlət məmurları, ictimai xadimlər və digər dairələrə nüfuz etmək, Azərbaycanın təhlükəsizlik orqanları, silahlı qüvvələri, ölkədə aparılan təhlükəsizlik tədbirləri barədə məxfi məlumatları toplamaq istiqamətində fəaliyyət göstərdiyi müəyyən edilib.
Təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev deyir ki, kimisə dövlətə xəyanət ittihamı ilə həbs ediblərsə, deməli, bu, əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan bir qurumun uzun müddət apardığı müşahidələrin nəticəsidir: “Xarici ölkəyə casusluq edən şəxslərdən birinin ölkədən qaçmaq istəməsi onun topladığı məlumatları sifarişçiyə çatdırması üçün atılan addım olduğunu təsdiq edir. Məhz bu səbəbdən o, sərhəddə həbs edilib. Bundan başqa, belə bir maddə ilə cinayət işi başlamaq üçün obyekt, subyekt, obyektiv və subyektiv tərəflər tam şəkildə olmalıdır. Böyük ehtimalla, istintaq dövründə bunların hamısı tam leqallaşdırılacaqdır”.
Ekspertin fikrincə, burada əsas məsələ casusluq faktının olmasıdır: “Əgər tutulan Muxtar Yağubov casusluq yolu ilə toplanılmış məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında Azərbaycandan kənara çıxarmağa cəhd edibsə, deməli, o, buna uzun müddət hazırlaşıb. Xaricdən ona verilən sifarişi yerinə yetirib. Maraqlıdır ki, həmin şəxs dövlət əhəmiyyətli məlumatlara necə yol tapıb, onları necə əldə edib? Əlbəttə, bu da təfsilatı ilə araşdırılacaq. Bildiyim qədər casus şəbəkəsinin topladığı məlumatlar arasında məxfi, tam məxfi, dövlət əhəmiyyətli məlumatlar var. Bu məlumatların konkret nədən ibarət olması çox önəmlidir”.
A.Nağıyev hesab edir ki, istintaq dövründə həbs olunanların sayı daha da arta bilər: “Hətta düşünürəm ki, artıq həmin çevrə və oradakıların fəaliyyəti barədə əməliyyat orqanında lazım olan məlumatlar var”.
Xüsusi xidmət orqanının yüksək rütbəli sabiq əməkdaşı ictimaiyyətə açıqlanan məlumatda casus şəbəkəsinin hansı dövlətə işləməsinin nə üçün qeyd edilməməsinə də aydınlıq gətirib: “İstintaq getdiyi dövrdə casusların hansı ölkəyə işləməsini açıqlamaq qeyri-mümkündür. Məsələ ondadır ki, sifarişçi 3-cü, 4-cü ölkə də ola bilər. Yəni bir şəxs hansısa ölkənin sərhədində tutulursa, bu o demək deyil ki, casus məlumatları məhz həmin ölkəyə ötürür. Hər halda, əminəm ki, həmin məlumatların sifarişçisinin hansı ölkə olduğu tam dəqiqləşdirilib. Ancaq əməliyyat məlumatları olduğuna görə onları tam açıqlamaq qeyri-mümkündür. Çünki hələ bu faktlar tam istintaq hərəkətləri ilə sübuta yetirilməlidir. Bundan əlavə, xüsusi xidmət orqanlarında ”3-cü bayraq altında" deyilən məfhum var. Yəni kimlərinsə bir ölkənin ərazisində hansısa cəlbetməni digər ölkə üçün 3-cü bayraq altında etmələri mümkündür. Məhz bu səbəblərdən hələlik casusların hansı ölkənin sifarişi əsasında Azərbaycana xəyanət etmələri açıqlanmır".
Azərbaycan xüsusi xidmət orqanının sabiq birinci müavini Sülhəddin Əkbər casus şəbəkəsi üzvlərinin həbsini şərh edərkən deyib ki, cəmiyyətə verilən açıqlama obyektiv, hərtərəfli, tam olmalıdır, cəmiyyətdə suallar yaratmamalıdır:
“Məlumatlandırma tam deyil. Həbs olunanlar hansı dövlətin xüsusi xidmət orqanına xidmət ediblərsə, bu, göstərilməliydi”.
S.Əkbər deyir ki, belə məlumatların təhlili göstərir ki, adətən Rusiya xüsusi xidmət orqanları ilə bağlı olan hallarda konkret dövlət adı çəkilmir: “Praktikada elə hallar da var ki, tutulanların açıq şəkildə Rusiya ilə əlaqəli olduqları bilinir, amma başqa dövlətin adı çəkilir”.
Sabiq təhlükəsizlik zabiti tutulanların Azərbaycanda topladıqları məlumatların daşıyıcılarda ölkədən çıxarmaq istəyinin onların qeyri-peşəkar olmalarına dəlalət edən fakt kimi qiymətləndirilməsinə belə münasibət bildirdi: “Doğrudur, internetin, xüsusi proqramların olduğu bir dönəmdə toplanan məlumatların daşıyıcılarda - istər hard-disk olsun, istərsə də fleş-kart və ya digər bir vasitədə ölkədən çıxarmaq istəyi qəribə görünür. Amma bu gün elə daşıyıcılar var ki, açırsan, hansısa müğənninin konsertinin, oyun proqramının yazıldığını görürsən. Hər bir xüsusi xidmət orqanının informasiya daşıma yolu var. Amma həmin konsertin, oyun proqramının olduğu disk, digər daşıyıcıya xüsusi şifrə yazılanda tamam başqa görüntülər - gizli şəkildə casusların çəkdiyi video, əldə olunan məlumatlar, bir sözlə, daşıyıcıya yazılan, lakin şifrəsiz baxılması mümkün olmayan informasiyalar ortaya çıxır”.
Image result for Sülhəddin əkbər
S.Əkbər deyir ki, Azərbaycan böyük güclərin qarşı-qarşıya gəldiyi bir regionda yerləşdiyindən, bura bir çox dövlətlərin xüsusi xidmət orqanlarının maraq dairəsindədir: “Azərbaycanlıların əksəriyyəti hansı coğrafiyada yaşadıqlarının fərqində deyillər. Azərbaycan geopolitik baxımdan çox mürəkkəb bir məkanda qərarlaşıb. Geopolitikda Hartlənd və Rimlənd anlayışları var. Hartlənd Rusiya, Rimlənd okean ərazisindəki sahil qurşağıdır. Azərbaycan Hartləndlə Rimləndin arasındadır. Ona görə də Azərbaycan Hartlənd və ya əksinə Rimlənd uğrunda aparılan mübarizədə həmişə savaş meydanına çevirilir. Rusiya ilə ABŞ və onun ABŞ-ın müttəfiqləri arasında gedən geopolitik savaşda biz coğrafi olaraq ortadayıq. Bundan başqa, Rusiya ilə İranın arasındayıq. Dünya siyasəti ilə məşğul olanlar bilirlər ki, Azərbaycan Qacarlar dövlətinin bir parçası olub. Bunu Azərbaycan türklərinin böyük əksəriyyəti dərk etməsələr də, dünya siyasəti ilə məşğul olanlar yaxşı bilirlər. Hazırda Azərbaycan müharibə vəziyyətindədir. Və ən nəhayət, Azərbaycanın taleyi həll olunmayıb. Digər tərəfdən, Azərbaycanın yerləşdiyi regionda geopolitik, geostrateji, geoekonomik, geokültürəl mübarizə gedir. Taleyimiz geoekonomik baxımdan nisbətən həll olunub. Geokültürəl taleyimiz bəllidir - əhalinin böyük hissəsi İslam dininə etiqad edir. Geopolitik, geostrateji baxımdan bunları demək olmaz. Azərbaycan strateji seçimini etməyib. Nə Avropa Birliyinin NATO yoluna, nə də Avroasiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmayıb. Düşünürlər ki, neytral yol seçmək daha uyğun, təhlükəsizdir. Amma tam əksinədir. Azərbaycan kiçik dövlət olduğuna görə seçim edənə qədər daim ikitərəfli - Rusiya və Qərbin təzyiqi altında olacaq. Azərbaycan KTMT-ni seçəcəksə, Azərbaycan sərhədlərini sovet dövründə olduğu kimi Rusiya qorumalıdır. Hava hücumundan müdafiə sistemləri Rusiyanın anoloji sistemlərinə birləşdirilməlidir. Və ya NATO və Avropa Birliyinə qoşulmalı, NATO təhlükəsizlik sistemi çətiri altına keçməlidir. Bu seçim olmayınca Azərbaycanda xarici dövlətlərin xüsusi xidmət orqanlarının xüsusi marağı qalacaq”./MUSAVAT.COM
Sorğu
Yeni dizaynımız necədir?