Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) sabiq baş mühasibi Anar Mustafayev də son sözlə çıxış edib.
Verilən ittihamlarla razılaşmayan A.Mustafayev qeyd edib ki, Maliyyə Nazirliyinin mütəxəssisləri yanlış araşdırma aparaq hesablamalarda səhv ediblər: "Elə bir qurum varmı ki, mənfəətsiz işləsin. Onların hesablamalarına görə biz ancaq borca işləmişik. Biz dəfələrlə vəsatət verdik ki, Maliyyə Nazirliyinin mütəxəssisləri məhkəməyə dəvət edilsin və biz suallarımızı onlara verək. Biz qiymətlərdən çox az məbləğə işləmişik. Namazalı müəllim şahiddir, soruşa bilərsiz. Namazalı, Emin müəllim gəldilər. Heç biri biz təklif edən qiymətlərlə işləmədilər. Dedilər qiymətlər sərf etmir. Biz dövlətdən aşağı qiymətlərlə işləmişik. Amma Maliyyə Nazirliyi deyir ki, biz 51 faiz şişirtmə ilə çalışmışıq".
Anar Mustafev çıxışında zalda olan jurnalistlərə müraciət edib. O, sözlərinin ictimaiyyətə çatdırılmasını xahiş edib: "Bizə işləri görmək üçün pul ayırılırdı. Maliyyə Nazirliyinə mən gedirdim. İstintaqda bu işləri 27 əmsalla qiymətləndiriblər. O vaxt bizə bu işləri görmək üçün 16 əmsalla verirdilər. Biz onlara deyirdik ki, 16 əmsalla mümkün deyil. Ondan sonra 17 əmsalla verdilər. Yenə sərf eləmirdi. Geri qaytardıq. Sonra zəng edib 21 əmsalla verdilər. Bizə verilən ittihamlar əslində Maliyyə Nazirliyinə verilməliydi".
Təqsirləndirilən şəxslərdən "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov son sözlə çıxış edib. O, deyib ki, niyə görə həbsdə olduğunu anlamır və verilən ittihamların heç birini qəbul etmir: "Mən özəl bir təşkilatın rəhbəri olmuşam. Öz-özümə verdiyim suallardan belə başa düşürəm ki, bəlkə başıma gələnlər öz xalqıma yaxşılıq və xeyirxah işlər gördüyüm üçün gəlib. Təbii ki, mənim etdiyim yaxşılıqları dövlət başçısına düzgün çatdırsalar, məni bir dəqiqə də olsun saxlamazlar. Biz atla, eşşəklə kənd ATS-lərinə getmişik və orada işləmişik. Bunu ancaq rabitədə işləyənlər bilər. Universitetdən gəlmiş müəllim rabitəçinin qədrini nə biləcək ki? İndi də bizi burada qoyub özü kresloda oturur. Yəqin ki, kiminsə balışının altında varı-mülkü var. Verib canını qurtarır. Kimin yoxdursa, bizim kimi barmaqlıqlar arxasında çürüyür. Mən bilsəydim ki, mənim elədiyim yaxşılıqlar dövlətimizin bəzi orqanları tərəfindən nəzərə alınmayacaq, pulumu yığardım balışımın altına. İndidə 70-ci maddənin nəticəsini gözləyərdim".
Xatırladaq ki, dövlət ittihamçısı Vidadi Zeynalovun 14 il, Beytulla Hüseynovun 15 il, Anar Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Digər təqsirləndirilənlər Məhəmməd Məmmədov, Cəfər Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oqtay Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunmasını, onlara şərti cəza verilməsini tələb edib.
Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub./musavat.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?