Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Prosesdə hökm oxunub. Hökmə görə, Vidadi Zeynalov və Beytulla Hüseynov hərəsi 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Bundan başqa, Emin Məmmədova 10 il, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayevə 5 il, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevə 3 il müddətinə azadlıqdan məhrum edilib.
"Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib. Ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Oqtay Rüstəmova Cinayət Məcəlləsinin 70 ci maddəsi tədbiq edilərək 2 il sınaq müddəti təyin edilib və o da məhkəmə zalından azadlığa buraxılıb.
“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində şərti cəza təyin olunub. S.Hümbətov məhkəmə zalından azadlığa buraxılıb.
“AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində şərti cəza təyin olunub. C.Cəfərov məhkəmə zalından azadlığa buraxılıb.
“Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində şərti cəza təyin olunub. B.Vəliyev məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyannın ödənilməsinə yönəldilməlidir. M.Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib. RYTN-nin mülki iddiası qismən təmin edilib./virtualaz.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?