17:21 Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq edən şəxslərlə bağlı rəsmi məlumat yayılıb.
gundemxeber.az Milli.Az-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həyata keçirilən ardıcıl istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt və Sumqayıt şəhəri ərazisində 10-a yaxın dövlət müəssisəsi və özəl şirkətlərdən silsilə seyf oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rafiq Məmmədov, Qadir Əliyev, Rauf İbrahimov və Abşeron rayon sakini Amil Cavadov saxlanılıblar. Araşdırmalar zamanı bu şəxslərin Bakı və Sumqayıt şəhərlərində oğurladıqları seyflərdən külli miqdarda maddi vəsait götürdükləri keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub.
Göstərilən faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Hazırda həmin işlər üzrə intensiv istintaq tədbirləri davam etdirilir. Zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədilən sonuncu belə oğurluq hadisələrindən biri Nərimanov rayonu ərazisində baş verib. Belə ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlanıb. Polis əməkdaşları tərəfindən isti izlərlə və yüksək peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi müəyyən edilib. Əməliyyat-istintaq tədbirlərinin davamı olaraq dəstə üzvlərindən R.Verdiyev, Y.Hüseynli və A. Həmidov saxlanılıblar. Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.
Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb. Əlavə tədbirlərlə dəstə üzvü A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R. Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.
Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Hazırda cinayətin törədilməsində iştirak edən dəstənin digər üzvlərinin tutularaq istintaqa cəlb olunmaları, habelə maddi sübutların aşkar edilərək götürülməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.
----------
16:08
Xalq artisti, tanınmış müğənni Nazpəri Dostəliyevanın evindən seyf oğurlayan şəxslər saxlanılıblar.
Bu barədə sputnik-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt sakinləri, əvvəllər Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 127-ci (qəsdən sağlamlığa az zərər vurma) maddələri ilə məhkum edilən Hüseynli Yunis Hüseyn oğlu və Verdiyev Ruslan Əzizağa oğlu saxlanılıblar.
Cinayətkar qruplaşmanın daha iki mümkün üzvü - Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər. Onların hər ikisi Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması) maddələri ilə məhkum ediliblər.
Xatırladaq ki, cinayətkarlar avqustun 19-da Çəmənzəminli küçəsi, ev 15-də yaşayan müğənninin mənzilinə qapı qıfılına açar seçmə üsulu ilə daxil olublar və evdən 100x80 santimetr ölçüsündəki böyük seyfi çıxarıblar. Ev sahibi iddia edir ki, seyfdə çox böyük məbləğ dəyərində zinət əşyaları, məbləğini bilmədiyi miqdarda pul və sənədlər olub.
Hüquq-mühafizə orqanları əməkdaşları araşdırma zamanı pulun və zinət əşyalarının ancaq bir hissəsini qaytara biliblər. Belə ki, əməliyyatçılar Hüseynlinin mənzilində 8 min ABŞ dolları, 205 avro, 2 min manat və şəxsi istifadə üçün nəzərdə tutulan heroin aşkar edərək, götürüblər. Verdiyevin mənzilində axtarış zamanı 7 qram heroin tapılıb.
Təəssüflər olsun ki, əməliyyatçılar Azərbaycan xalq artistinin qızıl-zinət əşyalarının ancaq bir hissəsini qaytara biliblər. Verdiyevin atası, 1958-ci il təvəllüdlü Əzizağa Verdiyev cinayət yolu ilə əldə edilən 2 min 300 manatı və qızılların bir hissəsini polisə təhvil verib. Əməliyyatçılar müğənninin seyfini isə Sumqayıtın 76-cı kvartalının ərazisindən axan su kanalının dibində aşkar ediblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?