Xüsusi açarı məhbuslara Günay Atakişiyeva verib; qaçırılma əməliyyatına maddi dəstəyi isə müğənnı xanım verib
Müğənni Fədayə Laçının “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun və onunla birgə cəza çəkən Əli Ağaminin həbsdən qaçmasına necə yardım etdiyi ilə bağlı yeni detallar üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, avtoritetlərin xüsusi tipli vaqondan qaçmasının təşkilatçısı əslində birbaşa Fədayə Laçın deyil. Bu işdə əsas iştirakçı dəstənin digər xanım üzvü Günay Atakişiyeva olub.
Bildirilir ki, G.Atakişiyeva son bir neçə ayda bir neçə dəfə “Qoca”nı həbsxanada ziyarət edib. Onunla yaxın münasibəti olduğu görüntüsü yaradıb. F.Laçın isə bu işdə əsasən maddi dəstəkçi rolu oynayıb. O, G.Atakişiyevaya qaçış planının baş tutması üçün lazım olan maddi dəstəyi verib.
Planı həyata keçirmək üçün G.Atakişiyeva əvvəlcədən Astaraya gedib və orada məhkumların gətirildiyi qatara minib. Daha sonra o, nəzarətçilərlə əvvəlcədən razılaşdırıldığı kimi, xüsusi təyinatlı vaqona keçərək “Qoca”nın yanına girib. Şirvan şəhərinə qədər onunla birlikdə gəlib və orada qatardan düşüb. Bu vaxt ərzində isə o, avtoritetlərin qaçması üçün lazım olan xüsusi açarı “Qoca”ya verə bilib.
Etibar Məmmədov və Əli Ağami isə Bakı yaxınlığında həmin açar vasitəsilə xüsusi təyinatlı vaqondan çıxmağa müvəffəq olublar.
Bildirilir ki, müğənni Fədayə Laçın da məhz Günay Atakişiyevanın ifadəsi əsasında həbs edilib.
Bu arada, müğənni Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməklə bağlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. APA-nın məlumatına görə, o, məhkəmədə ifadəsində məhbuslara kömək etmədiyini deyib. “Mənim etibarımdan sui-istifadə ediblər. Onların qaçmaq niyyəti olduğunu bilməmişəm. Bunların heç birindən xəbərim yoxdur”, - deyə müğənni bildirib.
Fədayə Laçın hadisədən bir ay əvvəl Etibarla görüşdüyünü deyib: “Bu hadisə baş verməzdən təxminən bir ay əvvəl Etibarı məhkəmə üçün Lənkərana aparanda qatarda onunla görüşmüşəm. Bakı dəmir yolu vağzalında minib, Biləcəri stansiyasında düşmüşəm. Ancaq qaçış günü baş verənlərin mənimlə heç bir bağlılığı yoxdur”.
Qeyd edək ki, Fədayə Laçın təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Məhbusların qaçmasına görə daha bir nəfər həbs edilib. Bu, taksi sürücü Hacıyev Məhəmməd Famil oğludur.
Nəsimi Rayon Məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?