Kriminal aləmdə "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədovun axtarışları davam etsə də, o, hələ də tapılmayıb.
Bu barədə Ədliyyə Nazirliyinin bu gün keçirilən kollegiya iclasında məsələ qaldırılıb. Nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirlən iclasda məhbus Etibar Məmmədovun axtarışlarının davam etdirildiyi qeyd olunub. Vurğulanıb ki, məhbusların qatardan qaçmasına görə, Penitensiar xidmətin 21 rəhbər və məsul işçisi ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 15 nəfər ədliyyə orqanlarından xaric olunub və ya tutduğu vəzifədən azad edilib, 4 nəfər, o cümlədən Konvoy taborunun komandiri olmuş B.Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Penitensiar xidmətdə nizam-intizamın möhkəmləndirilməsi, qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi, əməliyyat-rejim və mühafizə tədbirlərinin gücləndirilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin təmin olunması, əməkdaşların məsuliyyət hissinin artırılması ilə bağlı konkret tapşırıqlar verilib. Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. Mətbuatda yayılan məlumatlara görə, Etibar Məmmədovun qaçmasına kömək edən müğənni Fədayə Laçın və bir neçə nəfər həbs edilib.azvision.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?