Ata 1,5 il islah işlərinə, oğul isə 3 ay həbsə məhkuum edilib
Keçmiş prezident Heydər Əliyevin heykəlinə siyasi şüar yazdıqdan sonra narkotik ittihamı ilə 10 il həbsə məhkum edilən NİDA Vətəndaş Hərəkatının fəalı Qiyas İbrahimov və onun atası Həsən İbrahimova dekabrın 18-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə hökm oxunub.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə müsahibəsində bildirib ki, hökmə əsasən Həsən İbrahimov aylıq qazancından 20 faiz tutulmaqla 1 il 6 ay islah işlərinə məhkum edilib.
“Qiyas İbrahimov isə 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, Bu cəza onun əvvəlki 10 il həbs cəzası ilə qismən birləşdirilərək ümumilikdə 10 il 3 ay həbs cəzasına mnəhkum edilib”.
Ata və oğul İbrahimovlar Cinayət Məcəlləsinin 289.2-ci (hakimə hörmətsizlik) maddəsi ilə ittiham olunub.
Vəkil hökmü qanunsuz və əsassız adlandırıb. Hökmdən apellyasiya şikayəti veriləcək.
Cinayət işi bu il iyunun 5-də Bakı Apellyasiya Məkəməsində baş vermiş insidentlə əlaqədar açılıb. Qiyas İbrahimov dövlət ittihamçısının çıxışı zamanı şüşə qəfəsdəki mikrofonu çıxarıb (Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib). Bu, hakimin Qiyasın heç nə eşitmədiyi haqqında çağırışlarına məhəl qoymamasından sonra baş verib.
Məhkəmə nəzarətçiləri qəfəsə daxil olublar və İbrahimova qandal taxaraq qüvvə tətbiq ediblər. Fəalın qəzəblənən atası etirazını bildirib, hakimi zorakılığa son qoymağa çağırıb. O, "Gün gələcək, sizin də övladlarınızın başına belə bir iş gələcək", deyə qışqırıb.
Bakı Apellyasiya Məhkəməsinin hakimləri Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramov bunu özlərinə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.
“Amnesty International” təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb. Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bildiriblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?