Abşeron rayonunda azyaşlı qızına dəhşətli işgəncə verməkdə ittiham olunan 1979-cu il təvəllüdlü Ağsu rayon sakini Samirə Yarıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Samirə Yarıyeva 2010-cu il təvəllüdlü qızı Ramilə Abdulxalıqovanın valideyn kimi qayğısına qalmayıb.
Əksinə, o, valideyn-övlad münasibətləri ilə bir araya sığmayan hərəkətlər edib, dəcəl olması və sözünə qulaq asmamasını əsas gətirərək, ayrı-ayrı vaxtlarda qızını döyüb. Sonuncu dəfə, Ramilə Abdulxalıqovanın ölümündən təxminən 3-5 gün əvvəl mütəmadi zorakı hərəkətlərə yol verib.
Ana qızına çoxsaylı bədən xəsarətləri yetirib, bu səbəbdən azyaşlı qızın ölməsi ilə nəticələnən hadisə baş verib. Samirəyə azyaşlı qızın ögey atası Elnar Hacıyev də kömək edib.
Elnar Hacıyevin barəsində tərtib edilmiş ittiham aktında göstərilib ki, 2016-cı il iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva Daxili İşlər Nazirliyinin “102” Mərkəzinə zəng edərək, 6 yaşlı qızı Ramilənin naməlum avtomobillə vurulması barədə məlumat verib.
Meyitin müayinəsi zamanı uşağın avtomobillə yox, zorakılıq nəticəsində öldürüldüyü müəyyən edilib.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Xırdalan sakini Elnar Hacıyev tutulub.
Məlum olub ki, Elnar Hacıyev Xırdalanda Samirə Yarıyeva ilə qeyri-rəsmi nikahda yaşayıb. Həm Elnar Hacıyevin, həm də Samirə Yarıyevin əvvəlki nikahlarından bir qızı olub. Onlar ailə kimi bir yerdə yaşayıblar.
İstintaq müəyyən edib ki, 29 iyul 2016-cı ildə Elnar Hacıyev işdən evə gəlib. O, doğma qızı Həcər Hacıyevaya ləyəndə su gətirməyi tapşırıb. Qızı ləyəndə su gətirib, atası ayağını yuyub. Ayağını yuduqdan sonra Elnar Hacıyev ləyəni ögey qızı Ramilə Abdulxaliqovaya aparmağı tapşırıb. 6 yaşlı qızın ləyənə gücü çatmayıb, suyu döşəməyə töküb.
Əsəbiləşən Elnar Hacıyev 6 yaşlı qıza yumruq-təpik vurub, bununla kifayətlənməyib, Ramilənin qulağından qaldırıb evin divarına çırpıb. 6 yaşlı qız keçinib.
Elnar Hacıyev eyni zamanda qonşu Tural Hüseynli ilə də dava edib. İyunun 25-də dava zamanı Tural Hüseynlinin başına və burnuna zərbələr endirib.
İstintaq sənədlərində qeyd olunub ki, Samirə Yarıyeva qızının qeyri-rəsmi yaşadığı Elnar Hacıyev tərəfindən öldürüldüyünü bilsə də, hüquq-mühafizə orqanlarına onu avtomobilin vurduğu barədə yalan məlumat verib. Buna görə Samirə Yarıyeva da həbs edilib.
İstintaq araşdırması zamanı Samirə Yarıyevanın ərindən əvvəl qızına işgəncə verməsi üzə çıxıb. Həmin gün Elnardan əvvəl Ramiləyə anası dəhşətli işgəncələr verib, azyaşılının bədənində xəsarətlər müəyyən edilib.
Elnar Hacıyevə Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) maddəsi ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnar Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Samirə Yarıyevanın barəsində isə Cinayət Məcəlləsinin n 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddəsi ilə ittiham elan edilib.
Samirə Yarıyevanın barəsində olan cinayət işi ayrıca icraata götürülüb və baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Samirə Yarıyeva 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Samirə Yarıyeva apelyasiya şikayəti verib. O, şikayətində hökmün ləğv edilərək, cəzasının azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər alternativ cəza ilə əvəz edilməsini istəyib.
Apelyasiya şikayətində qeyd edilib ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum Samirə Yarıyevaya cəza təyin edilən zaman onun xəstəliyi, ilk dəfə məhkum olunması, himayəsində 3 az yaşlı övladının olması nəzərə alınmayıb.
Samirə Yarıyevanın şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada Samirə Yarıyevanın şikayətinin dəlilləri araşdırılıb.
Araşdırma zamanı Samirə Yarıyeva apelyasiya şikayətinə əlavə edib. O, barəsində olan hökmlə ona təyin edilmiş cəzanın yumşaldılmasını xahiş edib.
Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Samirə Yarıyevanın barəsində təyin edilmiş cəza dəyişdirilib. Onun cəzası 2 il 6 aya endirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?