Bir neçə gün əvvəl Şəmkir rayonu, Çənlibel kəndindəki məktəbdə şagirdin ölümü ilə bağlı yeni iddialar səsləndirilib. Məktəbdə qəfil vəfat edən 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlunun yaxınları onun döyülərək öldürüldüyünü deyiblər.
Belə ki, E. Məhərrəmovun Güleyşə adlı bibisi criminal.az saytına açıqlamasında qardaşı oğlunun yıxılaraq dünyasını dəyişmədiyini, sinif yoldaşı tərəfindən döyülərək öldürüldüyünü deyib: ”Elgünün ölümündən bir neçə gün əvvəl sinif yoldaşı Nurlanla mübahisəsi olub. Həmin vaxt Nurlan Elgünə deyib ki, səni öldürəcəm. Hadisə dərs zamanı sinif otağında baş verib. Müəllim uşaqları nəzarətsiz buraxaraq harasa gedibmiş. Müəllim olmayan zaman onlar arasında yenidən mübahisə düşüb. Kök və cüssəli olan Nurlan Elgünü döyməyə başlayıb, yerə yıxaraq təpikləyib. Uşağı döyərək qançır edib. Yerdə huşsuz vəziyyətə qalan Elgünə kömək etmək üçün sinif yoldaşları başqa müəllimləri çağırıblar. Xeyli keçəndən sonra müəllimlər gəlib. Müəllimlər gələndə Elgün keçinibmiş. Bir saat sonra həkim çağırıblar. Həkim iynə vurmaq istəsə də, bədəninə yeriməyib. Qışqırışma düşəndən sonra Elgünü döyən uşağın elə həmin məktəbdə işləyən bibisi gəlib. O, ”Elgünü niyə öldürdün” deyə soruşanda, Nurlan ”yaxşı edib öldürdüm” cavabını verib. Sonra Elgünün bacısına zəng ediblər ki, qardaşın yıxılıb. Bizə isə iki saat keçəndən sonra zəng etdilər ki, gəlin uşağınızı aparın”.
Vəfat edən şagirdin bibisi deyib ki, E.Məhərrəmovun meyitinin üzərində döyülmə izləri olub, amma ekspert başqa rəy verib: ”Ekspert müayinə edib, amma susur. Rəy verib ki, uşaq xəstə imiş, sudurqa keçirərək ölüb. Axı uşaq sağlam idi, meyitin də qzərində zorakılıq izləri olub. Bu işi batırdılar. İstəyirik hadisə ictimailəşdirilsin, haqq öz yerini tapsın. Balamızı öldürüblər. Qardaşım Sankt-Peterburqda yaşayır. Novruz bayramına gəlmişdi. Balasının vayı qismət oldu qardaşıma. Axı bizim uşaq dava edən deyildi. Niyə onun ölümünə bais oldular. Savadlı idi, dərslərini əla oxuyardı, şərəf lövhəsində şəkili vurulub. Yanıb tökülürük…”.
Çəınlibel kənd orta məktəbinin direktoru Qoşqar Əliyev Lent.az-a açıqlamasında deyib ki, ölüm faktı rayon proklurorluğu tərəfindən araşdırılır: “Prokurorluqda bu hadisə ilə bağlı iş aparılır. Bu hadisədə kimin günahı varsa, o da cəzasını alacaq. Hazırda istintaq aparılır və bütün iddialar araşdırılır. Nəticədən asılı olaraq tədbir görüləcək”.
Məktəb direktoru əlavə edib ki, vəfat edən şagird nümunəvi məktəblilərdən olub: “Onun babası Şahbaz kişi kəndimizin ağsaqqalıdır. Çox təəssüf ki, belə bir hadisə baş verib. Heç kim istəməzdi belə olsun, onların ailələrinə başsağlığı verirəm, səbr diləyiəm”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?