Yasamal Rayon Məhkəməsində güclü təsir edən dərmanların qanunsuz satışını təşkil edən aptek müdiri və 2 işçisinin məhkəmə prosesi başlayıb.
Təqsirləndirilən şəxs qismində cəlb edilən aptek müdiri Abıyev Tural Famil oğlu, İbrahimova Səltənət İbrahim qızı və Hüseynova Kəmalə Ərəstun qızının məhkəmə prosesinə hakim Hüseyn Səfərov sədrlik edir.
Xatırladaq ki, ötən ilin noyabr ayında Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsi paytaxtda fəaliyyət göstərən bəzi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılması faktları ilə əlaqədar məlumat yayıb. İstintaqla müəyyənləşib ki, 1988-ci il təvəllüdlü Abiyev Tural Famil oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin sentyabr və oktyabr aylarında qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən “Tramadol 200 mq” adlı dərmanı əldə edib. Onun həmin dərmanları əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazə almadan işlətdiyi, Bakı şəhəri Yasamal rayonu Ə.Haqverdiyev küçəsi 74d ünvanında yerləşən “Bizim Aptek”də saxlamasında və oktyabrın 23-24-də həmin aptekdə qanunsuz satdırmasında əsaslı şübhələr müəyyən edilib.
T.Abiyev iş üzrə Cinayət Məcəlləsinin 240.2.1-ci və 240.2.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmçinin onunla yanaşı aptekin işçiləri- İbrahimova Səltənət İbrahim qızı və Hüseynova Kəmalə Ərəstun qızı da istintaqa cəlb ediliblər.
Sorğu
Yeni dizaynımız necədir?