Oktyabrın 19-da Ali Məhkəmədə o vaxt Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanan (RYTN) qurumun Aparat rəhbəri olmuş Vidadi Zeynalov və digərlərinin barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilməli idi. Amma “report”un xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən proses baş tutmayıb.
Prosesin noyabrın 28-dək təxirə salındığı deyilir.
Bilgiyə görə, Ali Məhkəmədə prosesin təxirə salınmasına səbəb bu işə cəmiyyətin xüsusi diqqətidir. Məlumdur ki, hazırda MTN işi üzrə tutulanların da apelyasiya şikayətinə baxılmasına başlanıb. Saytlarda “MTN generalları, Eldar Mahmudovun quldurları azadlığa buraxılır” kimi xəbərlər yayılır. “Rabitə işi”də MTN-dəki həbslərlə bağlı olduğu üçün Ali Məhkəmədəki prosesə də diqqət böyükdür. Yada salaq ki, Ali Məhkəmədə şikayətinə baxılanlar sırasında E.Mahmudovun yaxın adamı Beytulla Hüseynov da var, onun da azadlığa buraxılacağı ilə bağlı bir neçə gün əvvəldə müxtəlif xəbərlər yayılıb. Mənbəmiz deyib ki, böyük ehtimalla bu səbəbdən “Rabitə işi”nin baxılması daha bir ay uzaldılıb ki, səs-küy azalsın.
Qeyd edək ki, V.Zeynalov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynovun hər biri 13 il müddətinə azadlıqdan məhrum edilib.
2017-ci ilin iyununda V.Zeynalovun vəkili müdafiə etdiyin şəxsin dövlətə vurduğu ziyanın 2 milyon 200 minini ödədiyini deyib.
Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin ailəsi yaşadığı mənzili satılıb və dövlətə 2 milyon 200 min manat ödəniş edilib. V.Zeynalovun bundan sonra daha 4 milyon manat borcu qalıb. Elə həmin ay sabiq Aparat rəhbərinin yerdə qalan borcları da banka keçirdiyi barədə xəbər yayılıb. Bununla da o, ittihamda göstərilən təxminən 7 milyon manatadək borcu tam ödəmiş olub.
Bakı Apelyasiya Məhkəməsi ötən ilin noyabrında bu iş üzrə apelyasiya şikayətinə baxıb. Vidadi Zeynalov həmin prosesdə qısa çıxış edib. O bildirib ki, qanun qarşısında heç bir günahı yoxdur. Qərara görə, Vidadi Zeynalovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 4 ilə endirilib.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.
“Optik Qurğular” İdarəsinin sabiq rəisi Namazalı Məmmədova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Digər həbsdə olan təqsirləndirilənlər - Birliyin sabiq baş mühasibi Anar Mustafayev və Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədova da şərti cəza verilib, onlar da məhkəmə zalından azadlığa buraxılıb.
“Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevin də apelyasiya şikayəti təmin edilib və onun barəsində şərti cəza təyin edilib. O, azadlığa buraxılıb.
Qeyd edək ki, mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən V.Zeynalovun ümumilikdə 67 əmlakına həbs qoyulub. Ümumi dəyəri 43 milyon manatdan çox olan 67 əmlak Vidadi Zeynalovun, onun övladlarının, həyat yoldaşının, bacısının və digər yaxınlarının adına olub.
V.Zeynalovun 13 il həbs cəzası aldığı məhkəmədə də dediyi son sözlər maraq doğurmuşdu. O, məhkəmə ittihamını deyil, səhvini qəbul etdiyini etiraf edib: “Mən səhvimə görə cəza çəkirəm. Allah məni bağışlasın. İttihamları qəbul edə bilmərəm. Cəzamı çəkməyə hazıram. Son sözümü atalar sözü ilə bitirmək istəyirəm: ”Elə adamın yükünü daşı ki, bir gün yıxılsan, yükünü daşısın".
V.Zeynalov onu da demişdi ki, həmişə dövlətə sadiq olub: “Sədaqətim hamıya məlumdur. Bundan sonra da belə olacaq. Həbsxana həyatı mənim üçün bioloji ölümdür”. V.Zeynalovun sonda ölkə prezidenti İlham Əliyevdən əfv istədiyi bildirmişdi./“Yeni Müsavat”
Sorğu
Yeni dizaynımız necədir?