Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin sabiq rəhbəri Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev ifadə verib. O deyib ki, 2010-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri vəzifəsində çalışıb və hazırda işsizdir: “2018-ci strukrur dəyişiliyindən sonra vəzifədən çıxmışam. Çalışdığım dövrdə vəzifəm strukturlara, şöbələrə nəzarət etmək, işləri əlaqələndirmək, göndərilən məktubları cavablandırmaq olub”. Keçmiş aparat rəhbərinin sözlərinə görə, mənzillərlə bağlı yaranan problem haqqında icra hakimiyyətinə şikayət daxil olub: “İcra hakimiyyətlərinin verdiyi hər sərəncama münasibət bildirmirdik. Bizə məktubla məlumat daxil olurdu. Həmin vaxtı Nərimanov rayon icra hakimiyyəti tərəfindən bizə məktub daxil olmuşdu. Həmin məktubda göstərilirdi ki, siyahıya daxil olan əlil şəxslərin növbəyə alınır. Biz də həmin məktuba cavab yolladıq ki, biz buna etiraz etmirik”. Şahid bildirib ki, Bakı şəhər İcra Hakimiyyətinin balansında tikinti ilə bağlı hər hansı fond yoxdur: “Yeni konkret olaraq hazırda icra hakimiyyəti bina tikmir. Sadəcə sovet dövründən qalma strukturda mənzil şöbəsi var. O vaxtı bununla bağlı bizə şikayətlər daxil olurdu. Qəbula gəlirdilər. Onlara izah edirdik ki, bu bizim səlahiyətlərimizə daxil olan bir məsələ deyil”. Qeyd edək ki, təqsirləndirilən şəxslər - Səmyar Abdullayev, Himmət Şükürov və Niyaməddin Şıxəliyev Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İttihama görə, əlillər üçün tikiləcək binadan iş üzrə zərərçəkənlərə mənzil veriləcəyi adı ilə onlardan pullar alınıb. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilir. Dəyən zərər ümumilikdə 6.5 milyon manatdır.//teleqraf.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?