Fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən ana və oğlu hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi məhkəmə iclası davam etdirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində Röya Səfərov dindirilib.
O, Karate Federasiyasında 18-20 yaşlardan ibarət yığma komandada baş məşqçi işlədiyini deyib.
İki dəfə dünya çempionu olan Röya Səfərov bu işdə ən çox zərərçəkmiş Rübabə Ağayevanı tanıdığını deyib.
"Rübabə xanım mənim ana əvəzimdir. Mən uşaqlıqdan yetim böyümüşəm. O, məni himayə edib, böyüdüb. Bu işdə onu aldadıblar. Mənim qızıllarım da belə ələ keçib"- deyə zərərçəkmiş qeyd edib.
Sərbəst ifadə vermək təklif olunan Röya Səfərov əvvəlcə cadu məsələsindən xəbərsiz olduğunu demək istəyib. Amma məhkəmənin xəbərdarlığından sonra Səfərov bəzi məqamları danışıb.
Onun sözlərinə görə, hazırda həbsdə olan ana və oğlunu Rübabə Ağayevaya görə tanıyıb.
"Mənim ailəmdə problem var idi. Yoldaşımdan ayrılmışdım. Ailəm üçün dəfələrlə barışmağa cəhd edirdim. Bir gün Rübabə xanım zəng edib məni evə çağırdı, dedi ki, caduya baxanlar gələcək, evdə tək olmaq istəmir. Mən də gələndə bunları gördüm. Evi axtarırdılar, həyəti qazırdılar. Nəsə bükümlər tapmışdılar.
Bir gün Rübabə xanım bunlara mənim ailəmdə də problem olduğunu deyib. Ailəmə cadu edildiyini dedilər. Mən də inandım. Qızıllarda qurd yağı olduğunu deyib alıblar. Sonra da 7 min nağd pulu"- deyə zərərçəkmiş ifadəsinə əlavə edib.
Həmin qızılların kimə məxsus olması və ümumi dəyəri haqda isə R.Səfərov bunları deyib: "Nənəmin mənə verdiyi qızıllar idi. Mən də yoldaşıma vermişdim. Boşanandan sonra da məndə qaldı. Rübabə xanım qızılları yenisi ilə dəyişdirmişdi. Heç indi də görsəm, həmin qızılları tanımaram".
Röya Səfərov hadisə barədə məhkəmədə ətraflı danışmayıb. Onun istintaqda geniş ifadəsindən sitat belədir: "Evdə Hüseyn dedi ki, göstərəcəyim yerləri əlinizlə qazın. Rübabəyə də deyirdi ki, gəl bax. Hüseyn mənə qazdırdığı yerlərdən caduları özü çıxarırdı. Mən qazanda heç nə aşkar etməmişdim. “Cindar Hüseyn” evdə də mütləq cadu olduğunu dedi və yataq otağındakı balışdan “cadu” tapdı.
Hüseyn mənə mütləq yoldaşımla barışmaq üçün Dağıstana getmək lazım olduğunu dedi. Dedi ki, gərək özü də ora gedib caduları təmizləsin. Məndən 4500 manat istədi. O qədər pulumun olmadığını dedim. Xərçəng xəstəsi olan nənəmi sağaldacağını da vəd etdi. Dedim, sən hər şeyi həll et, alınsa maşını satıb verəcəyəm. Ondan sonra bir daha Hüseyni görmədim. Bu hadisədən bir müddət sonra eşitdim ki, Rübabə xanımda olan 30 min manatlıq qızıllarımı “caduları təmizləmək” üçün Hüseynə verib”.
Rübabə Ağayeva deyilnlərə münasibət bildirərək qeyd edib ki, ana və oğlu ondan qızılları qurd yağından təmizləmək, nağd pulu isə ceyran göbəyi almaq üçün alıb: "Qızılları təmizləyəcəkdi. Cadunu pozmaq üçün də ceyran göbəyi alacaqdı".
R.Səfərov ifadəsinin sonunda növbəti dəfə məhkəməyə gəlmək istəmədiyini deyib və bildirib ki, beynəlxalq yarışa hazırlaşır və indi də məşqdə olmalıdır.
Bu işdəki zərərçəkənlərə ümumilikdə təxminən 600 min manat ziyan dəydiyi iddia olunur. İttihamda yazılıb ki, təkcə R.Ağayeva cadu çıxarmaq, mal-mülkü təmizləməkdən ötrü 216 min 850 manatlıq pul, qızıl-zinət əşyaları verib. Pulların bir hissəsi xarici valyutada olub: 57 min dollar, 15 min funt-sterlinq. Qızılların çəkisi isə təxminən 600 qram olub.
R.Ağayevanın həyat yoldaşı L.İbrahimova və H.Əlizadədən polisə şikayət edib. Həyat yoldaşı "Azinko" şirkətinin Audit Departamentinin rəhbəridir.
Məlumata görə, "Cindar Hüseyn"in müştəriləri arasında deputatlar və ayrı-ayrı vəzifəli şəxslər də olub. O, cinlərə qonaqlıq vermək, caduları pozmaq adı ilə xeyli insanı aldadıb.
İş üzrə ümumilikdə 13 nəfər zərərçəkmiş var. Onların bəziləri qızıl alveri etmək məqsədi ilə Lalə İbrahimova ilə tanış olublar. Sonra isə aldadıldıqlarını, qızıllarının ələ keçirildiyini deyirlər./musavat.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?