Azərbaycanda külli miqdarda pul mənimsəyən şirkət rəhbərinin işi məhkəməyə göndərildi “Güllübulaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri Füzuli Adıgözəlovun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, istintaq zamanı toplanmış sübutlarla “Güllübulaq” MMC-nin təsisçisi və faktiki rəhbəri Adıgözəlov Füzuli Qəşəm oğlunun 2011-2015-ci illər ərzində Türkiyə Respublikasından müxtəlif məhsullar idxal edib “Güllübulaq” MMC-nin anbarına mədaxil etmədən həmin Cəmiyyətə məxsus 1 milyon 885 min manat məbləğində pul vəsaitinin hesabına malların dəyərini və gömrük rüsumlarını ödəməsinə, habelə malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyərək mənimsəməsinə və bununla da, “Güllübulaq” MMC-yə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Füzuli Adıgözəlovun Cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən maddi məsul rəhbər vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub, dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq 2011-2015-ci illər ərzində ümumilikdə 8 milyon 396 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmasına da şübhələr üçün əsaslar yaranıb.
Toplanmış sübutlara əsasən, Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 18-də cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?