"NVC” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən Cəmiyyətin mülkiyyətində olan pul vəsaitlərinin əməkhaqqı təyinatı ilə ayrı-ayrı kənar fiziki şəxslərin hesablarına köçürülərək mənimsənilməsi barədə həmin cəmiyyətin direktorunun müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaqla Hüseynova Samirə Əzizağa qızının 2018-2020-ci illərdə “NVC” MMC-də baş mühasib vəzifəsində işləyən zaman həmin cəmiyyətlə arasında hər hansı bir müqavilə olmadığı halda özünə və yaxın qohumlarına məxsus cəmiyyətlərə və xarici hesablara müxtəlif məbləğlərdə pullar köçürməklə, həmçinin müxtəlif cəmiyyətlərdən müxtəlif çeşidli mallar alaraq “NVC” MMC-nin bank hesablarından həmin mallara görə fiziki və hüqüqi şəxslərin bank hesablarına ümumilikdə 275 min 400 manat pul vəsaitini onlayn qaydada köçürməsinə, aldığı malları öz şəxsi ehtiyaclarına sərf etməsinə, habelə cəmiyyətin bank hesabından müxtəlif vaxtlarda öz hesabına və tanışlarının hesabına ümumilikdə 340 min 700 manat məbləğində köçürmələr edərək pul vəsaitlərini nağdlaşdırıb talamasına əsaslı şübhələr müəyyən edilib. Qeyd edilənlərlə bağlı Samirə Hüseynovaya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda - mənimsəmə və ya israf etmə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməklə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sorğu
Yeni dizaynımız necədir?