"Space TV"nin sabiq direktoru, dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun kürəkəni Kamil Şahverdinin evindən oğurluq etməkdə təqsirləndirilən İrina Vatolinanın barəsindəki hökmdən apellyasiya şikayəti verib.
Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə araşdırılır.
İttihama görə, 1981-ci ildə Şirvan şəhərində anadan olmuş İrina Vatolina 2022-ci ilin avqust ayında xadimə işlədiyi Kamil Şahverdinin Səbail rayonu, Neftçilər prospekti, ev 67, mənzil 30 ünvanında yerləşən mənzilindən oğurluq edib. Belə ki, 2022-ci ilin avqustda Kamil Şahverdi evindən 53 814 manat məbləğində qızıl-zinət əşyalarını oğurlanıb. İrina Vatolina məhkəmədə özünü Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarsa oğurluq) maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyib
Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərib ki, zərərçəkmiş şəxsin evində 3 ilə yaxın işləyib, evdə təmizlik edərkən bijuteriyalardan birini istifadə edib geri qaytarmaq məqsədi ilə götürüb, götürdüyü əşyalar qolbaq, sırğa və boyunbağı olub. Kamil Şahverdi deyib ki, oğlu və həyat yoldaşı Rəşidə Behbudova 2022-ci ilin aprel ayında ailəsi ilə birlikdə Amerikaya köçüb. O, özü "Space TV”də çalışıb, həyat yoldaşının səhhətində ciddi problemlər olub. Öz işlərinin çox ağır olması və həyat yoldaşına daha cox vaxt ayırmaq üçün işindən ayrılmalı olub. 2022-ci ilin aprel ayının 3-də oğlu Amerikaya köçərkən həyat yoldaşı bütün nəslin illərlə qoruyub-saxladığı zinyət əşyaları olan çantanı açıb gəlininə üzük hədiyyə edib, həmin vaxt zinyət əşyaları hamısı yerində olub. Kamil Şahverdi bildirib ki, mənzilin sahəsi böyükdür və həyat yoldaşı çox vaxt yataqda olub. Təqsirləndirilən şəxsi bir neçə dəfə sellofanlara nəsə yığıb aparanda nə olduğunu soruşub, İrina da zibil olduğunu deyib. İrina arada iti götürüb gəzdirmək adı ilə çıxıb və 1-2 saat sonra geri qayıdıb. O hiss edib ki, təqsirləndirilən şəxs evdən nəsə aparır.
Avqust ayında evdə ustalar işləyib, buna görə də həyat yoldaşı Rəşidə Behbudova oğlunun yataq otağında yatıb. Oğlunun otağına keçəndə onu çağırıb, otağa gələn zaman balışın içinə qutu qoyulduğunu görüb. Qutuda qızıl kolye və təsbeh olub. Bundan sonra onlar başa düşüb ki, təqsirləndirilən şəxs həmin qızılları qeyd olunan otağa qoyub, oradan da aparıb. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirib ki, şikayət ərizəsində oğurlanmış əşyaların tam siyahısını göstərməyib, yalnız qızıl-zinyət əşyalarını qeyd edib. Eyni zamanda onun evindən bahalı çantalar, saatlar, eynəklər, paltarlar da oğurlanıb. Həmin əşyalara o qədər də əhəmiyyət vermədiyinə görə şikayət ərizəsində qeyd etməyib. Yalnız oğurlanmış əşyaların içərisində Rəşid Behbudovdan onun ailəsinə yadigar qalan, əntiq qızıl və brilyant əşyalar qeyd edilib. Kamil Şahverdi təqsirləndirilən şəxsin 50 il əvvəl Rəşid Behbudovun öz həyat yoldaşına və ailəsinə aldığı qızıl-zinət əşyalarını qaytaracağı təqdirdə şikayətçi olmayacağını bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İrina Vatolina 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 42 yaşlı xanım məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Kamil Şahverdi uzun illər "Space TV"nin icracı direktoru, daha sonra baş direktoru olub, o, həmçinin Rəşid Behbudov Fondunun direktorudur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?