Nərimanov rayonu, N.Nərimanov küçəsində yerləşən "Cıdır” adlı restoranda fişəng atan şəxs saxlanılıb.
Cavid Həsənov (ad-soyad şərti) restoranda keçirilən ad günü şənliyində pirotexniki vasitələrdən istifadə edərək sakinləri narahat edib.
O, 27 dekabr 2023-cü il tarixində, saat 22:35-də saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə təqsirləndirilən şəxs özünü göstərilən maddə ilə təqsirli bilməyib və deyib ki, həmin gün restoranda bacısının ad gününü ailə üzvləri ilə birlikdə qeyd edib, restoranın həyətində fişəng atıb. Fişəngin atılmasının qanunla qadağan edildiyini bilməyib. Onun tərəfindən ictimai qaydanın pozulmasına yönələn hər hansı hərəkətə yol verilməyib. Buna görə də məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edib.
Məhkəmə də hesab edib ki, hadisə günü təqsirləndirilən şəxsin ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi sübuta yetirilmir.
Məhkəmənin qərarı ilə Cavid Həsənov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 28 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?