Həyat yoldaşı dünyasını dəyişəndən sonra o, Bayıl qəsəbəsində ailəli bir oğlanla görüşüb. Oğlanın ailəsi bundan xəbər tutub və Şahnaz həmin oğlandan ayrılıb.
Bu sözləri noyabrın 28-də Qaradağ rayonunda itkin düşən 28 yaşlı Şahnaz Cavadovanın həyat yoldaşı Elçin Məmmədov hadisə barədə trend-ə danışarkən deyib. O bildirib ki, həyat yoldaşı Ş.Cavadova əvvəllər ailəli olub: "5 ay əvvəl mənimlə tanış oldu və evləndik. Evlənəndən sonra Şəmkirdə yaşadıq. Bir müddət əvvəl o, münasibətdə olduğu oğlanla telefonla danışanda xalam eşidib və bunu mənə dedi. Şahnazla danışdım, amma o, danışdığını boynuna almadı. Son vaxtlar hər axşam qulaqcıqla öz-özünə danışırdı. Soruşanda isə deyirdi ki, telefonda mahnıya qulaq asır. 10 gün idi Salyanda nənəsigildə qalırdıq. Pensiyamı alandan sonra noyabrın 27-də Qaradağ rayonuna, Şahnazın atasıgilə gəldik. Münasibətlərimiz normal idi. Noyabrın 28-də atası ilə birlikdə Bayılda qonşuya keçsələr də, sonradan atası tək qayıtdı. Şahnazı soruşduq, dedi qonşuda söhbət edir. Gecə saat 1-də anası qonşuya gedib və Şahnazı çağırmaq istəyib. Qonşu bildirib ki, Şahnaz çoxdan onlardan gedib. Məlum oldu ki, Şahnaz başqa yerə gedib. Bundan sonra bu barədə polisə məlumat verdik". E.Məmmədov bildirib ki, noyabrın 30-da bir nömrədən Şahnaz atasının telefonuna zəng vurub: "O atasına bildirdi ki, istədiyi oğlanla qoşulub qaçıb, Balakəndə Ramilə adlı qızın evində yaşayır. Mən Şahnazla danışdım, yalvardım ki, qayıt gəl, ya da yerini de, maşın tutum gəlim gətirim. O bildirdi ki, qayıtmaq istəmir. Sonra tanımadığım bir şəxs mənə və qayınatama zəng vuraraq bizi hədələdi ki, polisə verdiyimiz şəkilləri yığışdıraq. Mənə dedi ki, şəkilləri götürməsən, səni öldürəcəyəm. Mən də polisə məlumat vermişəm. Həyat yoldaşım oğurlanıb". E.Məmmədov deyir ki, zəng vuran oğlanı Şahnazın anası tanısa da, boynuna almır: "Məndən əvvəl Şahnaz həmin oğlanla görüşüb. Oğlan mənə zəng vurub dedi ki, Şahnaz mənimlə 9 ay yaşayıb və mənim qeyri-qanuni arvadımdır, ondan əl çək. Dedi ki, əl çəkməsən, səni öldürəcəyəm. Qayınatama dedi ki, sən məni yaxşı tanıyırsan, bilirsən kiməm. Qayınatam da onu söydü ki, qızı qaytar gətir evə".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?