Görkəmli şair Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə Qaradağ rayonunun Puta qəsəbəsində tapılan və şairə aid olduğu güman edilən qalıqlarla bağlı araşdırma çərçivəsində DNT analizi verib.
GundemXeber.Az bildirir ki, bu barədə Teleqraf.com-a Mikayıl Müşfiqin ailə üzvləri məlumat verib.
Mikayıl Müşfiqin həyatda olan qohumlarından yalnız əmisi nəvəsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində analiz verib.
Xatırladaq ki, milyarder Fərhad Əhmədov Stalin illərində cəzalandırılanların bir çoxunun qalıqlarının uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində atası Teymur Əhmədovla bağlı axtarış işləri aparılarkən, Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdiyini açıqlayıb. Daha sonra xüsusi qrup tərəfindən Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar çıxarılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?