Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Birliyinə üzv dövlətlərin səfirlikləri və yerli tərəfdaşları ilə birlikdə sentyabrın 17-dən 27-dək Bakı şəhəri və regionlarda "Qız Qalası. Qadın olmaq” (“MAIDEN TOWER. To Be a Woman") müasir incəsənət festivalı təşkil edir.
Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məlumatında deyilir.
"Qız Qalası. Qadın olmaq” festivalının məqsədi müasir incəsənət prizmasından gender bərabərliyi məsələlərinin inkişafına dair fikir və düşüncələri əks etdirmək, eləcə də dünya ictimaiyyətində qadınların güclənməsinin vacibliyini vurğulamaqdır.
Festival layihəsi Azərbaycan rəssamı Səbinə Şıxlinskayanın ilkin təşəbbüs və kuratorluğu altında keçirilir.
Festivalın iştirakçıları Avstriya, Almaniya, Hollandiya, İsveç, İsveçrə, Macarıstan kimi AB-yə üzv ölkələri, eyni zamanda Gürcüstan Moldova, Ukrayna kimi Şərq tərəfdaşlığı üzv ölkələri və İran, İsrail, Türkiyə kimi qeyri-üzv ölkələrdən sənət xadimləri, mədəniyyət aktivistləri, muzey direktorları, kurator və rəssamlardır.
Layihə proqrama müxtəlif səpkidə müasir incəsənət kontekstində beynəlxalq sərgi, pablik art, video art, poeziya gecəsi, tematik film nümayişləri, vorkşoplar daxildir.
Bu festival çərçivəsində sentyabrın 19-da və 21-də Eleni & Souzana Vougiouklinin konserti olacaq.
Bu festival “İMAGINE-Avro Tolerantlıq" Festivalı və "FANTAZİYA" Mədəni irs Festivalından sonra Azərbaycanda Avropa Birliyi nümayəndəliyi tərəfindən maliyyələşdirilən və Avropa dəyərlərini və prinsiplərini təbliğ edən üçüncü böyük festivaldır. Avropa Birliyinin sponsorluğu ilə növbəti "FANTAZİYA" festivalı noyabrın 1-dən 15-dək keçiriləcək.
Sorğu
Yeni dizaynımız necədir?