Gundemxeber.az » Ölkə » Mədəniyyət » Elnarə Abdullayeva: “Əli Mirəliyev məgər məhkəmə, hakimdir ki, ona cavab verim?!” – Muğam qalmaqalı səngimir
“Axı muğamdan xəbəri olmayan nə bilir ki, muğam nədir?! Dəli quyuya daş atır, hamı başlayır o daşı çıxartmağa. Əli Mirəliyevə sual verin ki, muğamın haradan gəldiyini bilir?”
Bu sözləri Əməkdar artist, xanəndə Elnarə Abdullayeva Musavat.com-a açıqlamasında bildirib. Əməkdar artist Əli Mirəliyevin Alim Qasımov və onun haqqında səsləndirdiyi “muğama xələl gətirirlər” ittihamına bu cür cavab verib:
“Alim Qasımovun oxuduğu muğamları heç kim oxumayıb. “Şur”u, “Çahargah dəstgahı”nı, “Mağur”u və digərlərini oxuyub, kənara qoyub. İndi nəyin davasını edirlər?
Azan məsələsinə gəlincə, azan elə muğam, muğam da elə azandır. Onlar nə danışdıqlarını bilmirlər.
Çıxın xalqın içərisinə, soruşun ki, Alim Qasımov kimdir, Əli Mirəliyev kimdir? Millət, xalq özü bunun cavabını düzgün verəcək. Xalqın gözü tərəzidir.
Axı muğam oxuyanda nə qədər “a, m, a” demək olar. Muğam ruhdur. Məgər ruhda çərçivə var? Muğamın çərçivəsi yoxdur.
Deyir, Üzeyir Hacıbəyov muğam yazıb. Hanı? Muğam nota alına bilməz. Adama deyərlər ki, Üzeyir Hacıbəyovun nota aldığı muğamı oxu.
Əli Mirəliyev göstərsin ki, Alim Qasımov muğam oxuyub, içində azan. Bunu göstərsin. Hansısa mahnını oxumaq ayrı, muğam ifa etmək ayrıdır.
İnsan da ağlına gələni danışar? Danışanda bax gör nə danışırsan. İndi Əli Mirəliyev danışır, qoy danışsın, heç mənim haqqımda səsləndirdiyi fikirlərdən də narahat deyiləm. Əli müəllimdir də, indi nəsə beyninə vurub... Ona sual verin ki, səni belə danışmağa nə məcbur etdi?
Deyir, “şəxsən mənə cavab verməlidirlər”, məhkəmə hakimdir məgər ona cavab verməliyəm?“
Xatırladaq ki, bu günlərdə müğənni Əli Mirəliyev “Kanal-13”ə müsahibəsində Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımovu sərt şəkildə tənqid edib, onu Azərbaycan muğamına xələl gətirməkdə günahlandırmışdı:
"İndi isə farslar, ərəblər kimi yerdə oturub, onlar kimi oxuyur, azan verir. Xeyir ola?! Məgər Üzeyir Hacıbəyov azan yazmışdı? Azan tamam başqa janrdır. Sən azan oxuyansan?! Axı sən xanəndəsən, xanəndə kimi də oxumalısan. Bax gör Mənsum İbrahimov, Təyyar Bayramov necə oxuyur. Sən isə dərviş kimi oxuyursan. Məgər biz dərvişik?!
Rübabə Məmmədova kimi oxuyan qızını da öz yoluna çəkib, bədbəxt eləmisən. Həmçinin Elnarə Abdullayevanı, Mirəlləmi bədbəxt etmisən. Siz Azərbaycan musiqisinin düşmənlərisiniz! Xalqın musiqisini bu günə qoyduğunuza görə şəxsən mən Əli Mirəliyevə cavab verəcəksiniz!"
Gundemxeber.az
3-02-2014, 12:25
5-11-2013, 12:54
13-03-2018, 13:05
12-01-2016, 13:03
11-09-2019, 11:07
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?