Dünya Bankının “Şaxəli İnkişaf: Avrasiyada Təbii Ehtiyatlardan Səmərəli İstifadə” adlı yeni hesabatında bildirilir ki, neft Azərbaycan üçün çox faydalı olub.
Ölkənin adambaşına düşən ümumi milli gəliri 2002-ci ildəki 720 dollardan 2011-ci ildə 5290 dollara çatıb və beləliklə, Azərbaycan orta gəlirli ölkəyə çevrilib.
Hesabatda deyilir ki, bununla yanaşı yoxsulluq 2002-ci ildəki 47 faizdən 2012-ci ildə 6 faizə enib.
Bu da qeyd olunur ki, Azərbaycanda dövlət borcu 2002-ci ildə 23 faiz idisə, 2012-ci ildə 12 faiz olub.
Hesabata görə, Azərbaycan indi üç əsas kredit reytinqi agentliyi tərəfindən investisiya dərəcəli ölkə sayılır.
Bununla belə, Dünya Bankının yeni hesabatında Azərbaycanla bağlı ciddi narahatlıqların qaldığı vurğulanır.
AZƏRBAYCANLILAR - ƏN NARAZI XALQ
Ölkədə qeyri-sabitlik, əməkçi qüvvəsindən kifayət qədər istifadə olunmaması və məhsuldarlığın aşağı səviyyəsi davam edir.
Dövlət xərcləri neft gəlirlərinin hesabına ödənir ki, bu da ölkəni tamamilə neftin qiymətlərindən asılı vəziyyətə salır.
Hesabatda bildirilir ki, Azərbaycanda işsizlik 2002-ci ildəki 10 faizdən 2012-ci ildə 5,2 faizə ensə də, bu, ümumilikdə işçi qüvvəsinin azalması hesabına baş verib.
Dünya Bankı bildirir ki, Azərbaycan yüksək gəlirli ölkə statusunu qazanmaq üçün sabitsizliyi azaltmalı, yeni iş yerləri yaratmalı və məhsuldarlığı artırmalıdır.
Qeyd olunur ki, Azərbaycanın fiziki kapital ehtiyatı aşağıdır və bu, çox güman, şəxsi sektorun büdcəyə az töhfə verməsindən doğur.
Azərbaycanda xidmət sahələri üçün kadrların hazırlanması səviyyəsi çox aşağıdır və ölkə tələbələri beynəlxalq standartlara cavab vermirlər.
Hesabatda deyilir ki, Azərbaycanda ÜDM-in yalnız 1 faizi səhiyyə sisteminə xərclənir, bu isə Avropa və Mərkəzi Asiyada ən pis göstəricidir.
“Azərbaycanlılar bütün regionda ictimai xidmətlərdən ən az razı olan xalq hesab edilir” – deyilir sənəddə.
Bu da qeyd edilir ki, ölkədə tüğyan edən korrupsiya biznesin inkişafına əngəl törətməkdə davam edir.
Sorğu
Yeni dizaynımız necədir?