Dünya yaman qəribə olub. Elə gün olmur ki, nə isə qeyri-adi, ağlasığmaz bir hadisənin şahidi olmayaq. Bu gün də rayonların birində qoyunun keçi balalaması haqqında yayılan xəbərlər bir daha diqqətimizi heyvandarlığa və heyvanlığa yönəltdi. Düzdür, bu qeyri-adi hadisədə keçinin xətakarlığını, məişət pozğunluğu zəminində əməlini qeyd etmək xüsusilə vacibdir və o, bu əməlinə görə əməlli-başlı hüquqi müstəvidə cavab verməlidir. Lakin, bu əxlaqsız əməldə təbii ki, qoyunun da qoyunluğunu danmaq olmaz. Bu əməli ilə qoyun öz həmcinslərinin adına və işgüzar imicinə sarsıdıcı zərbə vurmuşdur. Qoyun həmişə bizim mentalitetimizin ayrılmaz tərkib hissəsi olmuşdur. Hətta, tariximizdə Ağqoyunulu, Qaraqoyunlu adlı dövlətlər də mövcud olmuşdur ki, bu da xalqımızın öz qədim dolanacaq mənbəyinə olan sonsuz ehtirmından irəli gəlir. Qoyunçuluq həmişə gəlirli, təsərrüfat sahəsi kimi öz əhəmiyyətini saxlamışdır. Heyvanlara sayğısını onların adını insan adlarına çevirməklə əbədiləşdirən xalqımız qoyunu Aslandan, Ceyrandan, Maraldan heç də əskik tutmamışdır. Düzdür, qoyun ad kimi istifadə olunmasa da millətimiz cavan, sadəlöv, üzüyola, səsini çıxarmayan adamları qoyuna bənzətməklə öz məhəbbətini ifadə etmişdir. Son hadisə bir daha sübut etdi ki, qoyun olmaq doğrudan da ağır dərddir. Belə olmasaydı, keçi qoyunun bu qoyunluğundan istifadə edib, onu izzəti-nəfsinə təcavüz etməklə təmiz adını ləkələyə bilməzdi. Əgər qoyunun bir az cəsarəti olsaydı bu əxlaqsız təklifə öz etirazını bildirməklə şərəf və ləyaqətini xilas edə bilərdi. Lakin, onun öz sahibinə olan sonsuz sədaqəti və mütiliyi səsini çıxarmasına mane olmuşdur. Sahibinin dəyənəyindən və ağzı qanlı itlərindən qorxan qoyuncuğaz səsini çıxarmağa cürət etməmiş, nəticədə günahsız bir keçinin doğulmasına səbəb olmuşdur. Mən yüz faiz əminəm ki, bu binəva Ukraynada, Yunanıstanda, digər Avropa ölkələrinin birində yaşasaydı öz etirazını bildirməklə keçinin arzusunu ürəyində qoyardı. Hətta, etiraz əlaməti olaraq aclıq elan edərək bir neçə gün örüşə getməz, bəd ayaqda rayon baytarlıq idarəsinə belə şikayət edərdi. Bu olay Qərb qoyunlarının başına gəlsəydi BMT-nin Avropa Şurasının gecəsi-gündüzü olmazdı. Çünki, qərbli bir qoyunun başına təbii ki, belə bir faciə gətirmək olmaz. Amma, nə yaxşı ki, bu qoyun Azərbaycanda yaşayır və onun bütün qoyun hüquqlarını tapdalamaq olar. Əti, südü, yunu ağız dadı olan qoyunun ən ali hüququ qarnını doydurmaq və sahibinə sədaqətli olaraq hər axşam dinməz-söyləməz öz tövləsinə gəlməkdir. Əgər cürət edib bir ağız yersiz mələrsə dərhal qəssab bıçağının altında can verəcəyi şübhəsizidir. Odur ki, bizim milli qoyunlarımız öz işlərini yaxşı bilirlər. Mütilik onların həyat tərzinə çevrilib. Elə bu mütilik də keçinin bu mənfur istəyinin reallaşmasına şərait yaratmışdır. Tezliklə Kənd Təsərrüfatı Nazirliyi hərəkətə keçməli, qoyunlara öz qoyunluqlarını, hüquqlarını izah etməlidir. Əks təqdirdə belə əxlaqsız hərəkətlər qoyunçuluğa ağır zərbə vuraraq onun iflasına səbəb ola bilər. Hər yerindən mələyən keçi bir qoyunun namusuna sataşarsa ölkəni keçilər başına götürər. Təbii ki, bu son olay bazarlara da öz təsirini göstərəcəkdir. Yəqin ki, qoyun ətinin kəskin ucuzlaşacağı da istisna olunmur. Beləcə, bir qoyun bir sürünün adını ləkələməklə milyonlarla həmcinsini çətin duruma salmışdır. Qoyun olmağın çətinliyi də elə bundadır.
Sorğu
Yeni dizaynımız necədir?