Masallıda torpaq şöbəsi müdirinə məxsus 260 min manat müavinin mənzilindən oğurlanıb, Hamil Hadıyev Soltan Nəsirovdan şübhələnərək onu tutdurmaq istəyir, amma...
Masallıda iki məmur qırğına çıxıblar. Yerli sakinlərdən “Gündəm-xəbər”ə ötürülən məlumatda qeyd olunur ki, rayon torpaq şöbəsinin müdiri Hamil Hadıyevlə müavini Soltan Nəsirov didişir. Şöbə müdiri ilə müavinin davası pul üstündə düşüb. Belə ki, Hadıyevin rayondakı torpaqları peşkəş etməsindən götürdüyü gəlirlər əlindən çıxıb. Müavininə güvənərək ona külli-miqdarda vəsait verən Hadıyevin pulları oğurlanıb. Artıq bu xəbər mediada baş sərlövhəyə çıxarılıb. Uzun müddətdir ki, pul üstündə çəkişən müdirlə müavini heç bir vəchlə oğurluq edəni tapa bilmirlər. Belə qənaətə gəlinib ki, həmin vəsaiti oğurlayan şəxslərin arxasında himayəçiləri var. Belə olmasaydı, polis tezliklə qarətçiləri tapıb həbs edərdi. Söhbət ondan gedir ki, martın 23-də Masallı rayon torpaq şöbəsinin müdir müavini Soltan Nəsirovun evi qarət olunub. Bu barədə etibarlı mənbədən verilən xəbərdə deyilir ki, rayonun Tatyanoba kənd sakini olan müdir müavinin mənzilindən 160 min manat pul və 100 min manat dəyərində zinət əşyaları aparılıb. Evi qarət edən şəxs və ya şəxslər hələ də tapılmayıb. Mənzildən aparılan 160 min manatın yarısının şöbə müdiri Hamil Hadiyevə məxsus olduğu iddia edilir. Hadıyev müavinindən öz pulunu tələb edir. Mənbə qeyd edir ki, Hadıyevlə Nəsirovun davasının qayəsi ikincinin pulları özünün mənimsəməsi versiyasıdır. Müdir şübhələnir ki, müavini ona yalan danışır, bu işdə saxtakarlıq var və həmin pulları gizlədib, guya qarət olunduğunu söyləyib. Habelə, zinət əşyalarının da Hadıyevə məxsus olduğu bildirilir. Ona görə də Hadıyev müavinin həbsinə nail olmaq istəyir. Sadəcə, bunun üçün əlində tutarlı fakt olmadığına görə, qeyri-müəyyən vəziyyət yaranıb. Hazırda araşdırmalar aparan Hadıyev müavini ilə bağlı fakt təftiş edir. Ancaq Nəsirov and-aman edir ki, bu işdə onun barmağı yoxdur və əksinə öz pulları da oğurlanıb, cinayətkarın tapılmasında maraqlıdır. Artıq Masallıda böyük əks-səda doğuran bu hadisənin üzərindən xeyli vaxt keçib və oğrular tapılmayıb. Bu da Hadıyevdə böyük şübhələrə yol açıb. Güman edir ki, təşkil edilmiş əməliyyatın arxasında dayanan qüvvələr Nəsirovu arxayın ediblər, iş ört-basdır ediləcək. İki aya yaxındır ki, müdir-müavin davası səngimək bilmir. Onlar bu məsələnin mediaya çıxmasını da arzulamırlar. Bununla belə, Hadıyevin başına dərd açan Nəsirovun işdən kənarlaşdırılması prosesi gedir. Amma torpaq komitəsinin sədri Qərib Məmmədovla əlaqələri heç də pis olmayan Nəsirov ona güvənir deyə işdən uzaqlaşdırılması reallaşmır. Faktla bağlı Masallı rayon polis şöbəsində cinayət işi açılıb, amma həmin şəxslər hələ də tapılaraq istintaqa cəlb olunmayıb. Ümumiyyətlə, Masallıda insanların əksəriyyəti qanunla aldıqları torpaqlardan məhrum olunublar. Torpaqlar müxtəlif bəhanələrlə əllərindən alınır. Prosesə isə Masallı Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Hamil Hadıyev başçılıq edir. Məlumatlarda deyilir ki, əvvəllər Hamil Hadıyev ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrini onların əlindən zorla aldırırdı. Adını da belə qoyurdu ki, vətəndaşlar guya, əllərindəki torpaqlardan səmərəli istifadə etmədiyi üçün belə addım atılır. Vətəndaşlara məxsus qanuni pay torpaqları baha qiymətə Rusiyada yaşayan şəxslərə satırdı. Amma problemin böyüməsini görən Hamil Hadıyev bir müddət geri çəkildi. Hadıyev artıq aldığı rüşvəti leqallaşdırmağa başlayıb. Kim qanunsuz yolla torpaq əldə etmək istəyirsə, Hamil Hadıyev ona asanlıqla köməklik edir. Və o, pul aldığı şəxsi öyrədir ki, kimin torpağını almaq istəyirsə, həmin şəxsi məhkəməyə versin. Yazıda adı keçən tərəflərin mövqeyini dinləyib çap etməyə hazırıq… Rafiq Qara
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?