Bu gün Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasının ildönümüdür. Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-a keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olub. Bir neçə erməni hərbçisini öldürən və yaralayan hərbçimizin meyitini Ermənistan tərəfi uzun müddət qaytarmaqdan boyun qaçırırdı. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan Mübariz İbrahimov, eləcə də şəhid zabit Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verdi. Azərbaycan prezidenti İlham Əliyev iyulun 21-də gizir Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə sərəncam imzalayıb. Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov 2010-cu ildə “İlin adamı” mükafatına layiq görülüb. Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlıq, Döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlıq, Azərbaycan xalqınının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu “2010-cu İlin adamı” elan edib.
Sorğu
Yeni dizaynımız necədir?