"Artıq dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin region üçün ən böyük təhlükə törətdiyini vurğulayır. Artıq bu münaqişənin həllinin vacibliyi vurğulanır".
gundemxeber.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri" adlı dinləmələrdə deyib.
B.Muradova bildirib ki, belə bir məqamda Ermənistanın təmas xəttində törətdiyi hadisələr hamıya bəllidir: "Ermənistan tərəfi ardıcıl olaraq məqsədyönlü şəkildə Azərbaycanı və ölkəmizi dəstəkləyən dövlətləri provokasiyaya çəkmək, yenidən təcavüskar siyasətə davam etmək istiqamətində addımlar atır və Azərbaycan ərazisində erməni hərbçilərinin iştirakı ilə təlimlər keçirilir".
Vitse-spiker deyib ki, Ermənistanın işğal etdiyi ərazilərimizdə Azərbaycanın mədəni abidələri dağıdılır, Azərbaycanın izləri silinir: "Aprel ayında başlayan, Ermənistan tərəfinin törətdiyi cinayətkar əməllər nəticəsində insanlar öldülər, insanların mülkiyyətinə ziyan dəydi. Azərbaycan Ordusu bu hücumların qarşısını almaq üçün əks-hücuma keçdi, bir sıra mövqelər geri alındı və Azərbaycan ərazilərin bir hissəsinə nəzarəti geri qaytardı".
B.Muradova qeyd edib ki, Ermənistan ordusu haqqında yaradılmış mif dağıldı, Ermənistan hakimiyyəti üçün arzuolunmaz proseslər başladı və Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin heç kimə lazım olmaması ilə bağlı fikirlər səsləndi: "Bu onu göstərir ki, münaqişə həll olunmalıdır. Münaqişə Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin həyatını da məhv etdi. Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Biz onların da problemlərini həll etməliyik, onları Ermənistan rəhbərliyinin girovluğundan azad etməliyik, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını təmin etməliyik. Azərbaycan Ermənistanın bütün təxribatlarına cavab verəcək və buna da qadirdir".
Sorğu
Yeni dizaynımız necədir?