“Öncədən proqnozlaşdırılığı kimi Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən ciddi nəticə hasil olmad. Nəticənin olması üçün danışıqlar seriyası davam etdirilməlidir”.
Bu fikirləri AzVision.az-a “Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu prezidentlərin Vyana görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, görüşdə danışıqların davam etdirilməsi barədə razılaşma əldə olunub: “Bu razılaşmanın özü kövrəkdir. Ona görə də hesab etmirəm ki, görüşdən sonra vəziyyət daha da sabitləşəcək”.
İnsidentlərin araşdırılması barədə müzakirələrə gəlincə politoloq bildirib: “Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, buna Ermənistan ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ ətrafı rayonların boşaldacağı halda razılıq veriləcək. Hazırkı şərtlər daxilində bununla razılaşmaq olmaz. Danışıqlarda ciddi irəliləyiş olmayana qədər, yəni Dağlıq Qarabağ ətrafı rayonlar boşaldılmayınca bu məsələlər detallar şəklində qalacaq. İnsidentlərin araşdırılması o demək deyil ki, atəşkəsin pozulması halları baş verməyəcək”.
E.Şahinoğlu hesab edir ki, danışıqların başlaması Qarabağ müharibəsinin başlaması ehtimalını azaltmır: “Bu danışıqlar qarşıdakı 2-3 ay ərzində müharibə riskini azaldır. Ancaq, danışıqlar real nəticə verməsə, atəşkəsin pozulması halları artacaq. Ortada inam yoxdur. Ermənistan işğalçıdır. Bu ölkə status-kvonun bərpasına çalışır. Ona görə də insidentlərin araşdırılması, atəşkəsin əbədi qalması onun maraqlarına uyğundur. Bunlar Azərbaycanın maraqlarına ziddir. Əgər Ermənistan masa arxasında işğal olunmuş rayonları boşaltmaq istəmirsə, bu ölkəyə təzyiq edilməlidir.
Azərbaycan aprel döyüşlərində gücünü göstərdi. Bu, onun göstəricisidir ki, Azərbaycan cəmiyyəti nəticəsiz danışıqlardan bezib. Bu fikirlər masa arxasında oturanların diqqətinə çatdırılıb. Hesab edirəm ki, faktların diqqətə çatdırılması üçün Vyana görüşünə ehtiyac var idi. Amma, növbəti danışıqlar imitasiya xarakteri daşıyacaqsa, bu, Ermənistanın maraqlarına xidmət edəcək. Hesab edirəm ki, növbəti görüşə qədər Ermənistanın hansı addımlar atacağı bizim üçün əsasdır. Yenə görüş xatirinə görüş olacaqsa, bu, Azərbaycanın maraqlarına ziddir”, - deyə E.Şahinoğlu vurğulayıb.
Qeyd edək ki, ötən gün Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan arasında görüş keçirilib.
ATƏT-in Minsk Qrupunun Vyana görüşünün nəticələri ilə bağlı yaydığı bəyanatda qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz.
Bəyanatda bildirilir ki, Prezidentlər atəşkəs haqqında müqaviləyə və öz münaqişənin sülh yolu ilə həll edilmədinə sadiqliyi təstiq ediblər. Zorakılıq artması riskini azaltmaq üçün onlar ATƏT-in istintaq mexanizmi üzərində işlərin daha tez zamanda bitirməsinə razılaşıblar.
Prezidentlər həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər.
Onlar həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.
Prezidentlər iyun ayında hər iki tərəf arasında razılaşdırılmış yerdə keçiriləcək danışıqların növbəti mərhələsi barədə razılığa gəliblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?