Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbin ingilis dili müəlliməsi 32 yaşlı Əminə xanımın həmin məktəbin məzunu olmuş 18 yaşlı Cəlil adlı keçmiş şagirdi ilə ailə qurması gündəmi zəbt edib. Onların arasında yaş fərqi, eləcə də şagird-müəllim münasibətlərinın sevgiyə çevrilməsi müzakirə olunur, müxtəlif rəylər, fikirlər doğurur. Məktəbin direktoru Məmməd Səfərov bildirib ki, Əminə müəllimə ona Cəlillə bir-birlərini sevdiklərini və rəsmi şəkildə ailə qurduqlarını deyib. Direktor müəllimənin həyat yoldaşı Cəlil Xəlilovunsa ötən il məktəbi bitirdiyini və şagird statusundan artıq azad olunduğunu vurğulayıb. Bununla belə, Məmməd Səfərov Əminə ilə Cəlilin münasibətindən xəbər tutandan sonra müəlliməni yanına çağıraraq tənbeh etdiyini də deyib: “Mən Əminəni yanıma çağırdım, tənbeh etdim. O isə dedi ki, mən uşaq deyiləm, xeyli yaşım var, öz qərarlarımı özüm verə bilirəm, biz bir-birimizi sevirik, ona görə də evlənəcəyik. Hətta mənə dedi ki, oğlan onların evlərinə gəlib-gedir. Qızın ailəsi bundan narazı idi. Onların artıq toyu olub. Əminə müəllimə bir neçə gündən sonra əvvəlki qaydada işə davam edəcək”. “İddialar, şayiələr heç nəyə əsas vermir” Məsələnin sosial şəbəkələrə sıçraması və mediada işıqlandırılması da birmənalı qarşılanmadı. Media materiallarını şəxsi həyata müdaxilə sayanların fikirlərinə ekspertlərinin rəyini öyrəndik. Media hüququ üzrə ekspert Ələsgər Məmmədli mövzuda qeyri-adi məqamın, motivin olmadığını söyləyir, üstəlik, belə yazıları həm də şəxsi həyata müdaxilə hesab edir. Bir sözlə, mediaya çıxmasını məqbul saymır: “Təbii ki, medianın informasiya əldə etmək, cəmiyyət üçün maraqlı olan mövzunu araşdırmaq azadlığı, hüququ var, amma bu onun üçün nəzərdə tutulmuş qanunlar çərçivəsində olmalıdır. Konstitusiyanın 32-ci maddəsi şəxslərin özəl həyatını qoruma altına alır. Qanunsuz müdaxilə halları isə Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə tənzimlənir və cinayət məsuliyyəti yaradır. Xüsusilə, bu, ictimai əhəmiyyət daşımırsa sərhədlər gözlənilməlidir. Tərəflərdən biri azyaşlı olsa, hansısa vəzifəli şəxs qulluq mövqeyindən istifadə edib hüquq pozuntusuna yol versə, bu zaman özəl həyata müdaxilə artıq ikinci plana keçir. Bu zaman ictimai əhəmiyyət öndə durduğu üçün mövzu tam medianın ixtiyarına keçir. Fikrimcə, indiki məqamda bu, yersiz müzakirədir”. Müəllimə ilə şagirdin münasibətləri məktəb illərinə gedib çıxır deyə, məsələnin pedaqoji nöqteyi-nəzərdən araşdırılması vacib sayılır. Digər uşaqların da bu nümunəni əsas gətirərək məktəbdə dərsin ikinci plana keçmə ehtimalı valideynlərdə şübhə yaratmaya bilmir. Ancaq Ələsgər Məmmədli deyir ki, iddialar, şayiələr heç nəyə əsas vermir, çünki sübut imkanları yoxdur: “Onları ittiham etmək üçün iki il əvvələ söykənən fakt olmalıdır. Media da söyləntini deyil, faktı önə çəkməlidir. Adamlar var ki, 7 yaşından sevir, amma müəyyən yaş həddini keçəndən sonra ailə qurur, indi onu o keçmişinə görə ictimai qınağa çəkmək nə dərəcədə düzgündür?” Ekspertin sözlərinə görə, qarşı tərəf şəxsi həyatına müdaxiləyə görə media orqanları barəsində hüquq-mühafizə orqanlarına şikayət edə bilər və Mülki Məcəllənin 23-maddəsinə əsasən şəxsə dəyən maddi və mənəvi zərərə görə kompensasiya tələb edilə bilər. Təhsilə növbəti zərbə Təhsil eksperti Nadir İsrafilov mövzunun məktəbə, təhsilə bağlanmasına qarşı çıxır: “Pedaqoji təcrübəmdə yüzlərlə belə faktlar görmüşəm. Bu işdə qanunsuz və məcburi fakt varsa, bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır. Hadisənin pedaqoji peşə etikasına zidd olub-olmadığı üzə çıxandan sonra tərəflər barədə fikir bildirmək olar. Təbii ki, məktəbdə belə münasibətlər olmaz. Təhsil Nazirliyi bu kimi halların qarşısını almaq üçün pedaqoji işçilərin etik davranışları haqqında xüsusi qaydalar qəbul edib. Sözügedən məktəb əsasnaməsində şagird və müəllimlərin hüquq və vəzifələrindən tutmuş davranış qaydalarına qədər bir çox məsələlər əksini tapıb. O cümlədən məktəbdə intim münasibətlərin qadağan olunması da həmin sənəddə qeyd olunub. Hesab edirəm ki, bu hadisədə həmin nizamnaməyə zidd heç nə yoxdur. Çünki şagird kimi təqdim olunan şəxs artıq orta məktəbi bitirib. Burada maraqlı olacaq məqam şagirdin müəlliməsi ilə ailə qurmasıdır ki, bu da ilk fakt deyil”. Nadir İsrafilov deyir ki, mövzu təhsil sahəsinin nüfuzunu aşağı salmaqdan başqa bir şeyə yaramır: “Məsələlər bu formada təhrif olunduğu üçün ölçü götürülməlidir. Bütün hadisələrə hüquqi müstəvidə qiymət verilməlidir. Yoxsa nə baş verirsə, hamısında müəllim günahkar bilinir və işdən azad olunmaqla nəticələnir. Sanki cəmiyyət müəllimlərin cəzalandırılması üçün startda durub”. “Pis nümunə olmayıblar ki?” Təhsil ekspertinin fikirləri ilə psixoloq Elnur Rüstəmov da razılaşır və mövzunun müəllim nüfuzuna növbəti zərbə vurduğunu deyir: “Bir neçə gün əvvəl Şamaxıda şagirdin müəllimindən hamilə qalması ilə bağlı deyilənlərdən sonra bu hadisənin gündəmə gəlməsi təhsil sahəsi üçün neqativ fikir formalaşdırır. Bu məsələlər isə təkcə bu sahənin yox, ümumilikdə cəmiyyət üçün utancdır. Burada əziyyət çəkən həm də valideynlərdir. Məktəblərə inam azalacaq, uşaqlar arasında dərsdən yayınma halları artacaq, valideyn-məktəb arasında narazılıqlar çoxalacaq. Olmayan versiyalar, uydurulmuş nəticələrə barədə fikir bildirmək zorunda qalmışıq. Niyə axı illərdir yaratdığımız bir sistemi bir şayiə ilə dağıtmalıyıq?” Psixoloq deyir ki, şagirdin müəlliməsi ilə ailə qurmasında psixoloji olaraq araşdırılmalı olan məqam yaş fərqidirr: “Bunu isə çox az adam müzakirə edir. Hamı şagird-müəllim söhbətini qabartmağa çalışır. Məsələ o zaman gündəm yarada bilərdi ki, bu addımı məktəb dönəmində atmış olardılar. Tutaq ki, o vaxt münasibətləri olub, amma o vaxt evlənməyiblər ki? Məktəbdə hansısa problem yaratmayıblar ki? Pis nümunə olmayıblar ki?” “Əxlaqsızlıqdır” “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə digər müsahiblərimizdən fərqli düşünərək hadisənin media gündəminə gəlməsini məqbul sayır: “Mən bu məsələnin mediada müzakirəsinə qarşı çıxan jurnalistləri başa düşə bilmirəm, sanki jurnalist yox, keşişdirlər. Dünyanın istənilən yerində bu cür hadisə baş versəydi, gündəm yaradacaqdı. Çünki sıradan hadisə deyil. Şəxsi məsələ olsa belə, media bunun müzakirəsini təmin etmək üçün işıqlandırmalı idi. Media elə belə mövzuları gündəmə gətrimək üçündür. Söhbət ondan gedir ki, şagird və müəllim arasında evlənənə qədər olan münasibətlər necə inkişaf edib... Orta məktəbdə sinif otağında sevgi macərası nikah prosesinə qədər gəlib çıxsın və biz susaq? Müəllimə əxlaq normalarını, peşə etikasını pozub və media bunu müzakirəyə çıxarmalı idi. Şəxsi mövqeyimə gəlincə, mən oğlumun bu qədər yaş fərqi ilə özündən böyük, eyni zamanda, görünüşü xoş olmayan bir qadınla ailə qurmasına razı deyiləm. Bu izdivacı müdafiə edənlər saxtakardır, çünki neçə nəfərdən soruşuram ki, oğlunun bu formada ailə qurmasını istərdinmi, daş atıb başını tutur. Heç kəs təxminən özü yaşda olan gəlinin qaynanası və ya qayınatası olmağa razı deyil. Bəs onda özümüzə xoş olmayanı cəmiyyətə niyə sırıyırıq?” Rauf Arifoğlu müəllimin şagirdinə ərə getməsini əxlaqsızlıq sayır: “Yaşlı müəllimənin şagirdini tora salıb ona ərə getməsi kimi, kişi müəllimin özündən böyük yaş fərqi ilə kiçik şagirdini alması da əxlaqsızlıqdır. Hər iki hala eyni dərəcədə neqativ münasibətim göstərirəm və əxlaqsızlıq hesab edirəm. Medianın bu mövzudan yazmasına görə qınayanları da qınayıram. Mediada mövzu sərhədi yoxdur. Bu hadisə Türkiyədə baş versəydi indi bütün telekanallar bunu verirdi, aidiyyəti təhsil işçiləri istefaya gedərdi, elmi şura çağırılmalıydı. Məsələ nazirlər səviyyəsinə müzakirə olunmalıydı. Çünki bu izdivac illərlə davam edən prosesin nəticəsidir. Bu o deməkdir ki, müəllimə yetkinlik yaşına çatmayan şagirdi ilə eşq yaşayıb və buna görə cavab verməlidir, məsələyə aydınlıq gətirilməlidir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?