"Azərbaycan prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının IV qurultayındakı proqram xarakterli çıxış zamanı diaspor nümayəndələrinə gələcək fəaliyyətlərinin əsas vektorları üzrə tapşırıq və tövsiyələrini verdi".
Bu fikirləri azvision.az-a Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qrumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri qeyd edib ki, prezident İlham Əliyev mütəmadi olaraq diaspora nümayəndələri ilə görüşür, onların fikirlərini dinləyir, müvafiq tapşırıq və tövsiyələrini verir: "Diaspora sistemimizdə ciddi dəyişikliklər ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra baş verib. Ölkədə Diaspora Komitəsinin yaradılması ilə diaspor təşkilatlarımızın fəaliyyəti bilavasitə istiqamətləndirilib. Mütəmadi olaraq Azərbaycanda, müxtəlif yerlərdə diaspora təşkilatlarımızın toplantıları keçirilir.
Bütün dünya azərbaycanlılarının bir vətəni var - müstəqil Azərbaycan. Qurultayda dünya azərbaycanlıları bir araya gələrək müxtəlif istiqamətlərdə bizə qarşı mübarizə aparan erməni və digər lobbilərə qarşı öz mübarizələrini necə təşkil etməklə bağlı mexanizmi müəyyənləşdirirlər. Ölkə başçısı diaspor təşkilatları qarşısında geniş çıxış etdi və onların gələcəkdə hansı işlərlə məşğul olması ilə bağlı tapşırıqlarını verdi. Hesab edirəm ki, qurultay çox uğurlu oldu və gələcəkdə belə istiqamətli tədbirlər daha da genişlənməli, davamlı olmalıdır".
S.Novruzov bildirib ki, diaspor təşkilatlarımız xaricdəki diplomatik nümayəndəliklərimizlə birgə əməkdaşlığı daha da gücləndirməlidir: "Diplomatik nümayəndəliklərimizin olmadığı ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği funksiyasını diaspor təşkilatlarımız öz üzərinə götürməlidir. 100 ildən çoxdur, erməni diasporu fəaliyyət göstərir. Azərbaycan diasporu qısa müddət ərzində ciddi uğurlar əldə edib. Hesab edirəm ki, türk diasporu ilə birgə bu fəaliyyət daha da gücləndirilməlidir".
Xaricdə yaşayan bəzi azərbaycanlıların ölkə əleyhinə iş aparmasına gəlincə S. Novruzov deyib: "Azərbaycanı bir qrup insan müxtəlif adlar altında tərk edib, bəziləri isə qaçıblar. Guya onların fəaliyyətlərinin məhdudlaşdırılması isitqamətində iş aparılıb, təzyiqlər olub. Belə adamlar ayrı-ayrı dövlətlərin müxtəlif kəşfiyyat orqanlarına xidmət edirlər. Onların həmin ölkələrə aparılması, maliyyələşdirilməsi müqabilində qarşılarına qoyduqları əsas məqsəd Azərbaycan haqqında düzgün olmayan informasiyanın yayılmasında vasitəçi olmaqdır.
Onlara müəyyən miqdarda pay verirlər ki, Azərbaycana qara yaxsınlar. Xarici ölkə vətəndaşının Azərbaycan haqqında mənfi fikir ifadə etməsi real qəbul olunmur. Amma ermənidən betər olan azərbaycanlıların haqqımızda mənfi informasiyaları yayması acınacaqlıdır. Onların fəaliyyəti erməni diasporunun fəaliyyətindən daha təhlükəlidir. Belələri dünya ictimaiyyətinə azərbaycanlı olaraq öz vətəni, dövləti haqqında mənfi informasiya ötürür. Bu insanlar bir qarın çörəyə özlərini satırlar".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?