Azərbaycan Prezidenti İlham Əliyev "Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)" layihəsinin həyata keçirilməsi barədə sərəncam imzalayıb.
gundemxeber.az Trend-ə istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, "Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubunun təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2015-ci il 22 may tarixli sərəncamı ilə əlaqədar, Azərbaycanda ali təhsil sisteminin təkmilləşdirilməsi və Fransanın nüfuzlu ali məktəbləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən öz vətənlərində aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə UFAZ layihəsinə cəlb edilən Azərbaycan ali təhsil müəssisələrinə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilsin.
Müəyyən edilir ki, UFAZ layihəsinə cəlb olunan Azərbaycan ali təhsil müəssisələri:
- tətbiq etdikləri Fransa Respublikasının müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarını birgə idarə etmək hüququna malikdirlər;
- maddi-texniki baza imkan verdiyi hallarda UFAZ layihəsi üçün müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.
Nazirlər Kabinetinə UFAZ layihəsi çərçivəsində dövlət hesabına təhsil alan tələbələrin sayını hər il müəyyən etmək; UFAZ layihəsinə cəlb olunacaq ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?