gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, iyulun 3-də Heydər Əliyev Fondunun nümayəndələri ənənəvi olaraq Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşüblər.
Heydər Əliyev Fondu uşaq evləri və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə yanaşı, müntəzəm olaraq ahıllarla da görüşür, onların qayğıları ilə maraqlanır.
Ölkəmizdə ahıl insanlara dövlət qayğısı ildən-ilə artır, onların sosial problemlərinə həssas münasibət hər zaman diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə görülən işlərə, həyata keçirilən layihələrə dövlətimizlə yanaşı, Heydər Əliyev Fondu da töhfəsini verir. Bu diqqət və qayğı Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda da açıq-aydın hiss olunur.
Fondun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın mütəmadi buraya baş çəkmələri, bu qəbildən olan insanlarla səmimi söhbət etmələri, onların qayğılarını diqqətdə saxlamaları bunu bir daha sübut edir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun nümayəndələrinin pansionata budəfəki gəlişi də bayram əhval-ruhiyyəsi ilə yadda qalıb.
Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 1998-ci ildə ulu öndər Heydər Əliyev bu pansionatda olub, veteranlarla görüşüb. 2013-cü ildə bu pansionata yeni həyat verilib. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə pansionatın yeni korpusunun açılışı olub. İndi burada 225 nəfər yaşayır. Onların özlərini evdəki kimi rahat hiss etmələri üçün pansionatda bütün lazımi şərait yaradılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaşlı insanlarla, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır, bu kateqoriyadan olan insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirlər sırasında qocaların səhiyyə ocaqlarında müayinə edilməsini, onlar üçün konsertlər və bayram şənliklərinin keçirilməsini qeyd etmək olar.
İyulun 3-də keçirilən tədbir bir-birindən şən musiqi nömrələri ilə və şux rəqslərlə davam edib. Bu isə pansionat sakinlərinin bayram əhval-ruhiyyəsini daha da artırıb.
Sonda tədbir iştirakçılarına Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?