Ləğv edilən MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun qeyri-adi mühafizə sistemindən, onun 40-a qədər mühafizəçi tərəfindən qorunduğundan bəhs etmişdik.
Moderator.az-ı bilgiləndirən özəl mənbə məsələ ilə bağlı yeni detallar açıqlayıb.
Məlumatlı mənbənin sözərinə görə, 50 min manat məbləğində işə düzələn mühafizəçilərin böyük əksəriyyəti bu işə böyük prestij və hədsiz qazanc mənbəyi kimi yanaşıb. Belə ki, onların böyük əksəriyyəti E.Mahmudovun mühafizəçisi statusundan istifadə edərək külli miqdarda pul qazanmaq üçün müxtəlif “razborka”larda, mübahisə və qarşıdurmalarda, hətta silahlı toqquşmalarda yer alıb, lazım gələndə paqonlu himayədar qismində çıxış edib:
“50 min manat verib mühafizəçi işinə düzəlmək və ayda bir neç yüz manat maaş almaq təbii ki, kimsəyə sərf edən bir iş deyil. Hansı ki, E.Mahmudovun yanında mühafizəçi vəzifəsinə düzələnlər də bunun maddi baxımdan sərfedici olmadığını bilirdi. Bu şəxsləri mühafizəçisi vəzifəsində işə düzəlməyə təhrik edən yeganə amil bu işin hədsiz dərəcədə prestijli olması, qanunsuz yollarla varlanmaq üçün geniş perspektivlər açması idi. Belə ki, mühafizəçi sistemində işə düzələn şəxslər həm dövlət, həm də qeyri-dövlət orqanlarında öz statuslarından yerli-yersiz istifadə edir, bəzi hallarda isə E.Mahmudovun adından qanunsuz tələblər irəli sürürdü. Onlar pul qazanmaq üçün məmurlar və iş adamları arasındakı razborkalarda iştirak edir, pul və əmlak mübahisələrinin həlliylə məşğul olur və bunun müqabilində böyük miqdarda ”zəhmət haqqı” əldə edirdilər. Milyonluq qalmaqallara qarışan və nəticədə yüz min manatlarla qanunsuz gəlir əldə edən bu şəxslər müxtəlif obyektləri, ticarət mərkəzlərini, otel və restoranları da himayə edir, himayə etdikləri bu obyektlərdən müntəzəm şəkildə aylıq pul alırdılar.
Maraqlı məqamlardan biri ondan ibarətdir ki, mühafizəçilərin bir qismi bir-birlərinin nüfuz dairəsinə daxil olmamaq, bir-birlərinin işinə qarışmamaq, bir-birləriylə üz-üzə gəlməmək üçün öz aralarında paytaxt və paytaxtətrafı yaşayış məntəqələriylə bağlı ərazi bölgüsü aparıb, bu ərazilərin nəzəri bölgüsünü reallaşdırıb. İllər uzunu onların hər biri öz nüfuz dairəsinin, “xanlığının” hökmdarı kimi davranıb. Məhz bu yol, bu dəsti-xətt onları qısa zamanda sözün həqiqi mənasında milyonçuya, söz və zor sahibinə çevirib”.
Bəs indi bu mühafizəçilər haralarda gizlənir və qanunsuz yolla əldə etdikləri kapitalı qorumaq üçün hansı yola baş vururlar...?
Sorğu
Yeni dizaynımız necədir?