Noyabrın 17-18-də Fransanın Strasburq şəhərində Avropa Şurası nəzdində fəaliyyət göstərən Avropa Prokurorlarının Məşvərətçi Şurasının 11-ci plenar iclası keçirilmişdir.
İclasda 2015-ci ilin noyabr ayından ötən bir il ərzində müxtəlif beynəlxalq tədbirlərdə qurumun fəaliyyətinin işıqlandırılmasına nəzər yetirilmişdir.
2006-cı ildən bugünədək Məşvərət Şuranın qəbul etdiyi 10 rəyinin Avropa Şurasına üzv dövlətlərin rəsmi dillərinə tərcümə edilməsi məsələsi müzakirə edilmişdir.
Plenar iclasda Şuranın sayca 11-ci Rəyi müzakirə olunaraq bəzi müddəalar üzrə ölkəmizin müsbət təcrübəsi nəzərə alınmaqla qəbul edilmişdir.
“Xüsusilə terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə çağırışlarında prokurorların işinin keyfiyyəti və səmərəliliyi” adlanan sənəddə prokurorların ümumi fəaliyyəti, hüquqi çərçivə və milli təcrübə, insan qaynaqlarının idarəolunması, o cümlədən prokurorların işə qəbulu, vəzifədə irəli çəkilmə və ixtisasartırma məsələləri, prokurorluq orqanlarında işin təşkili, vəzifə bölgüsü, prokurorların fəaliyyətinin qiymətləndirilməsi, etik qaydalar, obyektivlik və qərəzsizlik, məlumat mübadiləsi və əməkdaşlıq, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə prokurorların fəaliyyətinin keyfiyyəti və səmərəliliyi və sair məsələlər öz əksini tapmışdır.
Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi, ölkəmizin Məşvərətçi Şuradakı nümayəndəsi Erkin Əlixanov sənədin müzakirəsi zamanı Azərbaycanın prokurorluq orqanlarında aparılmış geniş institusional islahatlar, o cümlədən beynəlxalq əməkdaşlıq, kadr siyasəti, qəbul edilmiş normativ hüquqi aktlar, Baş Prokurorluq üzrə müxtəlif sahəvi əmrlər, prokurorluq işçilərinin etik davranış kodeksi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Şuranın prezidenti Sedrik de Bokarmenin səlahiyyət müddəti bitdiyindən Piter MakKormik (İrlandiya) növbəti 1 il müddətinə Məşvərətçi Şuranın prezidenti, Xose Manuel Santos Pais (Portuqaliya) isə vitse-prezidenti seçilmişdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?